Polşanın müdafiə naziri “tam məxfi” sənədləri ifşa etməkdə ittiham olunur

Polşanın müdafiə naziri Mariuş Blaşçak seçki kampaniyası üçün ölkə ordusu ilə bağlı “tam məxfi” sənədləri açıqladıqdan sonra tənqid hədəfinə çevrilib.

Aznews.az xəbər verir ki, nazir Blaşçak özünün X sosial media hesabında əvvəlki hökumətin Polşanı yalnız Varşavadan keçən Vistula çayının yerləşdiyi nöqtədən müdafiə etməyi planlaşdırdığını göstərən sənədləri əks etdirən video paylaşıb.

Polşa Silahlı Qüvvələrinin müdafiə planlarını və o zamankı müdafiə naziri Boqdan Kliçin imzaladığı “tam məxfi” sənədlərin ön tərəfini əks etdirən fotoşəkilləri də paylaşan Blaşçak, əvvəlki hökumətin Polşanın yarısını verməyə hazır olduğunu iddia edib.

Ana müxalifət partiyası Vətəndaş Platformasının sözçüsü Yan Qrabyeç verdiyi açıqlamada, "Nazir Blaşçakın açıqladığı sənədlər Baş Qərargah tərəfindən hazırlanmış sənədlərdir",-deyə qeyd edib.

Bu cür sənədlərin heç vaxt açıqlanmaması lazım olduğunu vurğulayan Qrabyeç, "NATO ilə məsləhətləşərək yaradılan sənədlərdən istifadə Polşanı bu gün NATO müttəfiqi olaraq tamamilə etibarsız edir. Seçki kampaniyası çərçivəsində daxili müdafiə sənədləri necə açıqlana bilər?",-deyə vurğulayıb.

Polşanın PAP xəbər agentliyi qeyd edib ki, Sivil Platform Blaşçakdan Dövlət Məhkəməsinə şikayət edəcək.

Qeyd edək ki, Polşada Dövlət Məhkəməsi dövlət vəzifələrində olan insanların konstitusiya məsuliyyətləri ilə bağlı qərar qəbul edən orqandır. Polşada parlament seçkiləri və oktyabrın 15-də keçiriləcək 4 sualdan ibarət referendum öncəsi təşviqat dövrü davam edir.

Mövsüm