Çin ABŞ-nin 13 müdafiə şirkətinə sanksiya tətbiq edib

ABŞ-nin Tayvana silah satmasından sonra gərginlik daha da artıb.

Çin bununla bağlı hərəkətə keçib və Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu vəziyyətin Vahid Çin prinsipini və 3 Çin-ABŞ birgə bəyannaməsini ciddi şəkildə pozduğu bildirilib.

Bundan əlavə, bəyanatda qeyd olunub ki, ABŞ bu hərəkətləri ilə Çinin daxili işlərinə qarışır və Çinin suverenliyinə və ərazi bütövlüyünə zərbə vurur.

Açıqlamada Çin Xalq Respublikasının Xarici Sanksiyalara Qarşı Xarici Sanksiyalar Aktına uyğun olaraq, Çinin ABŞ-nin 13 müdafiə şirkəti və 6 yüksək vəzifəli menecerinə qarşı tədbir görülməsinə qərar verdiyi bildirilib.

Açıqlamada, sanksiya qərarı çərçivəsində sözügedən şirkət və şəxslərin Çin sərhədləri daxilində daşınar və daşınmaz əmlakları ilə digər varlıqlarının dondurulacağı bildirilib və Çindəki bütün təşkilat və şəxslərin həmin şirkətlərlə sövdələşmə, əməkdaşlıq və digər fəaliyyətlə məşğul olmaq qadağan edilib.

Qərarın bu gündən etibarən qüvvəyə mindiyi bildirilən açıqlamaya görə, sanksiya tətbiq edilən şəxslərin də viza alması və Çinə (Honq Konq və Makao daxil olmaqla) girişi qadağan ediləcək.

Qeyd edək ki, ABŞ oktyabr ayında Tayvana təxminən 2 milyard dollar dəyərində silah satışını, keçən ay isə 385 milyon dollar dəyərində yeni silah satışını təsdiqləyib.

Mövsüm

AzNews.az