Zelenski Çindən Şimali Koreya əsgərlərinə müdaxilə etməsini istəyib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın cəbhəyə göndərdiyi Şimali Koreya əsgərlərinin ağır itki verdiyini və bunun qarşısını almaq üçün Çinin Pxenyana təzyiq göstərməli olduğunu bildirib.

Zelenski X hesabında Rusiya-Ukrayna müharibəsi ilə bağlı heyətlə keçirdiyi görüşlə bağlı video paylaşıb.

Kursk bölgəsindəki qarşıdurmalarda Şimali Koreya əsgərlərinin iştirak etdiyinə diqqət çəkən Zelenski, "Onlar ağır itkilər verirlər və aydındır ki, Rusiya ordusu və Şimali Koreya nəzarətçiləri bu əsgərlərin sağ qalmasında maraqlı deyil", - deyə qeyd edib.

Şimali Koreya əsgərlərinin təhlükəsizlikləri nəzərə alınmadan cəbhəyə göndərildiyini və Rusiya tərəfinin bu əsgərlərin əsir düşməməsi üçün hər vasitəyə əl atdığını iddia edən Zelenski, bu əsgərlərdən bir neçəsinin Ukrayna qüvvələri tərəfindən əsir götürüldüyünü, lakin onların yaralandıqları üçün həlak olduğunu bildirib.

Şimali Koreya xalqının Avropadakı müharibələrdə həyatını itirməməsi lazım olduğunu vurğulayan Zelenski, "Şimali Koreyanın qonşuları, xüsusən də Çin bu mövzuda öz təsirlərindən istifadə edə bilər. Əgər Çin müharibənin uzadılmaması lazım olduğu ilə bağlı bəyanatlarında səmimidirsə. Pxenyan tərəfinə lazımi təzyiq göstərmək üçün səy göstərməlidir”,- deyə yekunlaşdırıb.

Mövsüm

Aznews.az