Qazaxıstan gələcəkdə üç AES-in tikintisini planlaşdırır

Qazaxıstan ilk yüksək güclü atom elektrik stansiyasının (AES) tikintisindən sonra daha iki atom elektrik stansiyasının tikintisinə başlaya bilər.

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ana tili” respublika qəzetinə müsahibəsində bildirib.

“Əminəm ki, Qazaxıstanın yüksək gücə malik AES-ə ehtiyacı var. Üstəlik, yaxın gələcəkdə ikinci, bəlkə də üçüncü AES-in tikintisinə başlayacağımız istisna deyil”, - o deyib.

Tokayevin sözlərinə görə, nüvə sənayesi artıq enerji qıtlığı yaşayan Qazaxıstan iqtisadiyyatının inkişafına güclü təkan verəcək.

“Hesab edirəm ki, Qazaxıstan inkişaf etmiş nüvə enerjisi olan ölkəyə çevrilməlidir. Bunun böyük gələcəyi var”, - dövlət başçısı qeyd edib.

Tokayev əlavə edib ki, AES tikintisi üzrə konsorsiumda baş operator Qazaxıstan tərəfi olacaq.

“Bu məsələ Vladimir Putinlə (Rusiya Prezidenti – red.) onun Astanaya səfəri zamanı müzakirə olunub. Layihənin sifarişçisi kimi konsorsiumda baş operator kimi Qazaxıstan tərəfinin çıxış edəcəyini razılaşdırdıq”, - o bildirib.

Prezident vurğulayıb ki, bu il rəqabətli prosedurlar keçiriləcək, bundan sonra hökumət yekun qərar verəcək.