Çin, Rusiya və İran birgə hərbi dəniz təlimləri keçirəcək

Çin, Rusiya və İran martın birinci yarısında İranın Çabahar limanı yaxınlığındakı sularda “Təhlükəsizlik əlaqəsi- 2025” adlı birgə hərbi dəniz təlimləri keçirəcək.

Bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimlər ilk növbədə iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı etimadın və praqmatik əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək: "Təlimlər dəniz hədəflərinə hücumları, birgə axtarış-xilasetmə əməliyyatlarını əhatə edəcək".

Qeyd olunur ki, Çin təlimdə iştirak etmək üçün "Baotou" esminesini və "Qaoyu Lake" təchizat gəmisini göndərəcək.

Xatırladaq ki, 2024-cü il noyabrın sonunda Rusiya Aerokosmik Qüvvələri və Çin Hərbi Hava Qüvvələri Yapon dənizi və Şərqi Çin dənizi sularında, həmçinin Sakit Okeanın qərb hissəsində patrul xidməti həyata keçirib.