- Dünyanın halı
- 10:15
- 1 612
Bundesver müdafiə halında planların həyata keçirilməsi üçün özəl şirkətləri cəlb edəcək

Bundesver (Almaniya Silahlı Qüvvələri) müdafiə halında gizli planların həyata keçirilməsi üçün ən böyük Almaniya aviaşirkəti “Lufthansa” və dəmiryol konserni “Deutsche Bahn” da daxil olmaqla özəl şirkətləri cəlb etməyi planlaşdırır.
Bu barədə “Welt am Sonntag” qəzeti yüksəkrütbəli planlaşdırma zabitinə istinadən yazıb.
Nəşrin məlumatına görə, NATO üzvünün müttəfiqə yardım göstərməli olduğu durum yarandığı təqdirdə, Almaniyanın logistika mərkəzi kimi yeni rolu özəl aviasiya şirkətlərinin, dəmiryollarının, ekspeditor şirkətlərinin və tibb müəssisələrinin mütləq istifadəsini tələb edəcək. Buna görə də Bundesverin “məxfi” qrifi altında olan “Almaniya” əməliyyat planı “milli müdafiəyə” mülki töhfə ilə tamamlanmalıdır. Qəzetə görə, silahlı qüvvələrin nümayəndələri artıq xeyli müddətdir ki, özəl sektorla danışıqlar aparmaq üçün imkanlar axtarırlar.
Dəmir pərdənin qalxmasından sonra Almaniya NATO tərəfdaşları üçün logistika mərkəzi rolunu öz üzərinə götürüb: münaqişə halında müttəfiq silahlı qüvvələrin təxminən 800 min hərbçisinin və təxminən 300 min nəqliyyat vasitəsinin Almaniya ərazisindən alyansın şərq cinahına köçürüləcəyi planlaşdırılır.
Xatırladaq ki, daha öncə Almaniya müdafiə konserni “Rheinmetall” artıq Bundesverin yerdəyişdirmə zamanı logistik dəstək göstərilməsi üçün çərçivə müqaviləsi imzalayıb, müqavilənin dəyəri 260 milyon avro təşkil edir.