Hondurasda 18 nəfərin olduğu təyyarə dənizə düşüb

Mərkəzi Amerika ölkəsi Hondurasda içərisində 18 nəfərin olduğu kiçik təyyarənin dənizə düşməsi nəticəsində 12 nəfər ölüb.

Roatan qubernatoru Huqo Varela jurnalistlərə bildirib ki, Xuan Manuel Qalvez hava limanından Trujillo şəhərinə qalxan təyyarə qısa müddət sonra Roatan adasının sahillərində dənizə düşüb.

Səlahiyyətlilər, axtarış-xilasetmə işləri nəticəsində 5 nəfərin xilas edildiyini, 12 nəfərin isə cəsədinin tapıldığını, itkin düşən 1 nəfər üçün isə işlərin davam etdiyini bildirib.

Yerli mətbuatın məlumatına görə, təyyarə dənizə düşdükdən sonra alovlanıb. Bu səbəbdən axtarış-xilasetmə işlərinin çətinliklə davam etdiyi paylaşılıb.

Mülki aviasiya rəsmisi Karlos Padilla təyyarənin uçuş-enmə zolağından sağa kəskin dönüş etdiyini və daha sonra suya çırpıldığını açıqlayıb.

Səlahiyyətlilər bildiriblər ki, qəzada ölənlər arasında honduraslı musiqiçi Aurelio Martinez də var.

Mövsüm

Aznews.az