Əfqanıstanda 4 nəfər ictimaiyyət qarşısında edam edilib

Bu gün Talibanın idarə etdiyi Əfqanıstanda dörd nəfərin ictimaiyyət qarşısında edam edildiyi açıqlanıb.

Üç fərqli əyalətdə həyata keçirilən edamlar, Talibanın 20 ildən sonra 2021-ci ildə ölkəyə nəzarəti bərpa etməsindən sonra açıq şəkildə edam edilən kişilərin sayını 10-a çatdırıb.

İctimai yerlərdə açıq şəkildə həyata keçirilən edamlar, Talibanın ilk dövründə 1996-2001-ci illərdə də geniş şəkildə tətbiq edilib. Edamların əksəriyyəti ictimaiyyətin iştirak edə biləcəyi stadionlarda həyata keçirilib.

Şahidlərin AFP-yə verdiyi məlumata görə, iki nəfər Badgis əyalətində öldürdükləri kişilərin qohumu tərəfindən ictimaiyyət qarşısında güllələnib və edam edilib. Bu anların şahidi olanlardan biri, 48 yaşlı Məhəmməd İqbal Rəhimyar, "(Məhkumları) əyləşib bizə arxa çevirməyə məcbur etdilər. Ölənlərin ailələrinin qohumları onları tapança ilə vurdular".

Bildirilib ki, edam edilən şəxslər digər kişiləri güllələyib öldürdükləri üçün “qisas almaq” cəzasına məhkum ediliblər. Əfqanıstanın Ali Məhkəməsi iddia edib ki, işlərə “çox həssas və təkrar” baxılır və sonra qərarlar verilir.

Mövsüm

Aznews.az