- Müşahidə məntəqəsi
- 23 Yanvar 2024 11:43
- 10 339
Elşad Həsənov: "32 kənd Paşinyanın özünün xəstə təxəyyülünün nəticəsidir"

“8 kəndin Azərbaycana verilməsi məsələsi siyasi cəhətdən həll olunub. Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə qeyd edib ki, biz Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyırıq. Eyni zamanda keçən il Qranada da keçirilən tədbirdə Azərbaycan iştirak etmirdi. Həmin tədbirdə Şarl Mişel Nikol Paşinyana yekun sənədə qol çəkdirdi. Nikol Paşinyan yazılı olaraq etiraf etdi ki, biz Ermənistan olaraq Azərbaycanın 86,6 min kv.km-i tanıyırıq və öz imzasını qoydu. Yəni bu o deməkdir ki, həmin bizim Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi bizim torpaqlarımızdır, onlar da həmin əraziyə aiddir. Ancaq indi o torpaqlar hələlik boşaldılmayıb. Son məlumatlara görə, həmin Qazaxın 7 kəndində yerləşdirilmiş ermənilər oradan köçüb qaçırlar. Çünki Ermənistanda ajiotaj yayılıb ki, Azərbaycan yaxın günlərdə hücum edib həmin kəndləri azad edəcək. Ona görə də onlar oradan gedirlər. Lakin diplomatik yolla bu danışıqlar gedir. Keçən ilin sonlarında noyabr ayında Qazax sərhədində delimitasiya və demarkasiya məsələləri ilə bağlı Nazirlər Kabineti sədrinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan Komissiyası və Ermənistanın baş nazirinin müavini görüşdülər, müəyyən razılığa gəldilər. Yeni görüşün keçirilməsi haqqında qərara gəldilər və bu görüşün də bu ilin yanvarın sonunda olacağı bildirilir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
Politoloq bildirib ki, biz torpaqlarımızı azad etdik və bu gün Azərbaycan öz ərazilərində bərpa-quruculuq işləri ilə məşğuldur.
“Ancaq həmin kəndlər də bizə qaytarılacaq və o kəndlərdə də öz işlərimizi görəcəyik. Bunların hər biri diplomatik yollarla aparılacaq. Azərbaycan Prezidentinin həmin məlum, müsahibəsindən sonra Ermənistan tərəfi Azərbaycanın guya 32 kəndinin işğal etdiyini, nəzarətdə saxladığını bildirdi. Halbuki onların bir dənə kəndi Gədəbəy ərazisində olan Başkənd bizdədir. O da anklav kənddir. Amma 32 kənd Paşinyanın özünün xəstə təxəyyülünün nəticəsidir. Ona görə bizə deyirlər ki, güzgü şəklində geri çəkilmək lazımdır. Xeyr, biz niyə yerimizdən tərpənməliyik? Siz də gəlib o yeri tutasınız və sonra da bizi daima basqı altında saxlayasınız. Buna görə də delimitasiya məsələləri aparılmalıdır. Ermənilər deyir, guya biz həmin əraziləri işğal etmişik. Yox, onlar bizim qədim torpaqlarımızdır və mən hesab edirəm ki, biz heç cür o torpaqları ermənilərə verməyəcəyik. Bunlar da hamısı komissiyaların apardığı işlər nəticəsində olacaq. Yox, əgər ermənilər, necə deyərlər, bizə qarşı aqressiv davransa, o zaman əməliyyat keçirib həmin kəndləri təbii ki, öz ərazimizə qatacağıq.
Qazaxın əsas kəndləri olan o 3 kənd doğrudan da onlar üçün çox strateji əhəmiyyət daşıyır. Bildiyiniz kimi, Ermənistan blokada şəraitindədir və onlar həmin kəndlər ərazisindən keçməklə Gürcüstana çıxırlar. Ordan da Rusiya, digər Avropa ölkələrinə hərəkət edirlər. Bu baxımdan o kəndlər ermənilər üçün strateji əhəmiyyət daşıyır.
Azərbaycan Prezidenti dəqiqliklə bildirdi ki, Zəngəzur dəhlizi açılmasa, biz də bu yolu açmayacağıq. Ona görə də güman edirəm ki, yaxın zamanda danışıqlar nəticəsində Ermənistan Zəngəzur dəhlizini açmağa məcbur olacaq.
Biz hər zaman öz torpaqlarımızı qorumağa, öz torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırıq. Ancaq hesab edirəm ki, biz bunların hamısına diplomatik yollarla nail olacağıq”, - deyə o əlavə edib.
Rəfiqə NAMAZƏLİYEVA