"Qalstanyan heç də öz fikrindən imtina etməyə hazırlaşmır" - siyasi şərhçi

“Artıq bir aydan çoxdur ki, Ermənistanda kütləvi şəkildə etiraz aksiyaları baş verməkdədir və bu etiraz aksiyalarında əsas aparıcı qüvvə məhz kilsədir. Aksiya iştirakçıları “Vətən naminə Tavuş” adlı hərəkat yaratmış və bu hərəkata başçılıq edən Tavuş yeparxiyasının baş yepiskopu Baqrat Qalstanyan adlı keşişdir. Bu günə kimi Qalstanyan öz mövqeyində açıq-aşkar şəkildə əsas məqsədin Paşinyanın devrilməli, onun bir xəyanətkar olduğunu bildirmişdi. Mayın 9-da İrəvanda Paşinyana istefa verməsi üçün bir saat vaxt verilmişdi. Daha sonra baş nazirin impiçmenti məsələsi gündəmə gətirilib. Bundan əlavə, dəfələrlə artıq Paşinyanla görüş üçün İrəvanın mərkəzində, Respublika meydanında mitinq başlamış və iqamətgaha doğru aksiya iştirakçıları irəliləmişdir. Ancaq bunun da heç bir nəticəsi olmadı. Hazırda Baqrat Qalstanyanın geri çəkildiyini düşünmürəm. Çünki daha üç gün öncə “Vətən naminə Tavuş” hərəkatının növbəti yığıncağında qərara alındı ki, Qalstanyan hərəkət adından baş nazir postuna namizəd kimi təqdim edilsin. Hətta Qalstanyan bununla əlaqədar olaraq özünün, din xadimi kimi Qriqorian kilsəsi nəzdindəki postunu müvəqqəti olaraq dondurmaq qərarına gəldi. Bu o deməkdir ki, Qalstanyanın özündə baş nazir olmaq iddiası vardır”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Siyasi şərhçi qeyd edib ki, bütün bu baş verənlər, mitinqlərin bu günə kimi davam etməsi onu göstərir ki, Qalstanyan heç də öz fikrindən imtina etməyə hazırlaşmır.

“Hələ də hakimiyyət çevrilişi həyata keçirmək niyyətindədir. Sadəcə, növbədənkənar parlament seçkilərinin keçirilməsini indiki halda istəməyə bilər. Çünki birincisi, bu proses kifayət qədər uzun bir prosesdir və bu prosesi başlatmaq üçün rəsmi prosedurları yerinə yetirməlidir. Digər tərəfdən də ən əsas məsələ indiki halda parlament seçkiləri keçirilərsə, Baqrat Qalstanyan və onun tərəfdarlarının qalib gəlməsi ehtimalı nə dərəcədədir? Düşünmürəm ki, onlar qalib gələ bilələr. Baxmayaraq ki, kilsə və mühafizəkar dindar ermənilər Qalstanyanın tərəfindədir. Hazırda onların hakim partiyanı devirməsi və Paşinyan üzərində qalib gələ bilməsini hesab etmirəm. Qeyd etmək lazımdır ki, Qalstanyan hərəkatını daxildən dəstək göstərən qüvvələr az deyil. Xaricdən Rusiyanın bu hərəkatın arxasında olduğunu da düşünürəm, ancaq istənilən halda indiki dönəmdə Paşinyan hələ də daha qüvvətlidir. Hazırda parlament seçkilərinin keçirilməsi və Qalstanyanın məğlub olması artıq onun statusuna böyük xələl gətirə bilər. Bu baxımdan Qalstanyanın parlament seçkilərinin istəməməsini anlamaq olar. Lakin bu heç də o demək deyil ki, hərəkatdakılar artıq öz fikirlərindən geri çəkilirlər və mitinqləri davam etdirmək planları artıq yoxdur”.

Rəfiqə NAMAZƏLİYEVA