"Atəşkəsin pozulmasının qarşısını almaq Ermənistan hakimiyyətinin üzərinə düşür" - hərbi ekspert

“Son günlər həm Naxçıvan istiqamətindən, həm də Kəlbəcər istiqamətindən atəşkəsin pozulma hallarının sayı artıb. Demək olar ki, hər gün bəzən və yaxud da bir gündən bir atəşkəsin pozulma halları ilə rastlaşılır. Təbii ki, bununla bağlı Ermənistan tərəfindən Azərbaycana bir təklif oldu. Bildirdilər ki, ikili bir mexanizm işləmək lazımdır və bu mexanizmdən atəşkəsin pozulması araşdırılsın. Həmçinin qarşısının alınması ilə bağlı işlər görülsün. Məsələ ondadır ki, Paşinyan bildirir ki, atəş əmrini verməyib. Ermənistan Müdafiə Nazirliyi bildirir ki, atəşkəsin pozulma halları ilə bağlı yayılan məlumatlar yalandır. Amma reallıq onu göstərir ki, atəşkəsin pozulma halları mövcuddur və bunun qarşısının alınması ilə bağlı açığı indiki məqamda heç bir mexanizm mümkün deyil. Yəni təklif olunan mexanizm belə, atəşkəsin pozulmasının araşdırılması ilə bağlıdır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmmədov deyib.

Hərbi ekspert qeyd edib ki, atəşkəsin pozulmasının qarşısını almaq yalnız Ermənistan hakimiyyətinin üzərinə düşür:

“Çünki Ermənistan tərəfi faktiki olaraq atəşkəsi pozur və onlar Avropa İttifaqını bu məsələyə cəlb etmək istəyirlər. Azərbaycan-Ermənistan münasibətlərini və yaxud da ki, sərhəddə baş verənlərə cəlb etmək istəyirlər. Bunun üçün hətta təklifi də Avropa İttifaqının bəyəndiyi ilə bağlı bəyanatı da gördük. Dolayısı ilə hesab edirəm ki, indiki məqamda bu baş verənlər bir tələyə oxşayır. İstəyirlər ki, Azərbaycan tərəfi təklifi qəbul etsin və prosesə üçüncü tərəf olaraq Avropa İttifaqına qoşulsun. Avropa İttifaqının qoşulacağı təqdirdə nələr baş verəcək? Ümumiyyətlə, prosesə reaksiyaları necə olacaq? Bunu demək çətindir. Hesab edirəm ki, hazırda Azərbaycan tərəfi təklif olunan təklifi qəbul etməməlidir. Bu, üçüncü tərəfin regiona daxil olması demək olacaq ki, bu da müsbət nəticələr verməyəcək. Ancaq atəşkəsin pozulma hallarının qarşısını almaq üçün siyasi iradə lazımdır. Başqa cür atəşkəsin pozulma ehtimallarının qarşısını almaq demək olar ki, mümkün deyil”.

Rəfiqə NAMAZƏLİYEVA