"Amerika Ermənistanda gücləndiyi bir vaxtda Gürcüstanı itirmək istəmir" - Asif Nərimanlı

“ABŞ Gürcüstanı NATO-nun Vaşinqtonda keçiriləcək sammiti çərçivəsində tərəfdaş tədbirlərə dəvət edəcək. Baxmayaraq ki, ABŞ ölkənin hakim partiyasının bəzi liderlərinin hərəkətlərindən və bəyanatlarından narahatdır. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen jurnalistlərə açıqlama verib”.

“Amerikanın belə bir addım atması, əslində Gürcüstanla bütün körpüləri yandırmaq istəməməyindən irəli gəlir. İndiyə qədər Amerika daha çox təzyiq edirdi, hətta sanksiyanın tətbiq ediləcəyini bildirdi. Məqsəd o idi ki, xarici agentlər haqqında qanunun qəbulundan çəkindirsin. Buna paralel olaraq həm də öz tərəfdaşlarını küçələrə çıxarmışdı, etiraz aksiyası təşkil edirdi. Bəlli idi ki, bunun arxasında Amerika dayanır, ancaq Gürcüstan hökuməti geri çəkilmədi. Görünür, Gürcüstan hökumətinin bu qədər dirəniş göstərəcəyin onlar gözləmirdilər. Gürcüstan hökuməti geri çəkilmədi və qanunu qəbul etdi. İndiki halda Amerika üçün iki seçim var ya Gürcüstan hökumətini tamamilə uzaqlaşdırmalı, ya da sanksiya tətbiq etməlidir ki, bu görünür, sərf eləmir”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

O qeyd edib ki, xüsusən indiki situasiyada Cənubi Qafqazdakı vəziyyətə baxdıqda, Amerika Ermənistanda gücləndiyi bir vaxtda Gürcüstanı tamamilə itirmək istəmir.

“Ermənistanda faktiki olaraq Rusiya ilə açıq mübarizə edir və Böyük Rusiyanı zəiflədib. Bu halda Gürcüstana qarşı bu cür tamamilə körpüləri yandırmağı Rusiyanın Gürcüstandakı mövqelərini gücləndirə bilər. Bu halda Cənubi Qafqazda güc balansı, yəni Amerikanın yenə istədiyinə uyğun olmur. Çünki Gürcüstanda müəyyən bir təsir imkanları var. Hazırda Ermənistanda əgər bu təsir imkanlarını tamamilə əldə edərsə, Rusiyanın mövqeyini zəif edərsə, bu, Cənubi Qafqazda, Qərbin, Amerikanın mövqelərini Rusiya ilə müqayisədə daha güclü hala gətirib çıxara biləcək. O baxımdan hesab edirəm ki, Gürcüstanın NATO-ya çağırılması, körpülərin tamamilə yandırılması, Cənubi Qafqazdakı vəziyyətdən qaynaqlanır. Lakin bu o demək deyil ki, Amerika Gürcüstan hakimiyyətinin bu siyasətini tamamilə qəbul edir. Xeyr, görünür, indiki dövr üçün hələ də müəyyən bir ehtiyatlı mövqe sərgiləyirlər. Amma sonrakı dövrdə öz şəbəkəsini qorumaq üçün Amerika yəqin ki, bu qanunun dəyişdirilməsinə və yaxud da Gürcüstan hakimiyyətinin geri addım atmasına və bu kimi məsələlərə təzyiq edə bilər. Lakin indiki mövcud vəziyyətdə, Cənubi Qafqazdakı şərtlərə baxdıqda əslində görünür, Amerika daha ehtiyatlı yanaşmağa çalışır. Fikrimcə, Gürcüstan hakimiyyətinin sona qədər dirəniş göstərməsi də bundan qaynaqlanır. Rəsmi Tbilisi bölgədəki şərtləri doğru oxuduğu üçün Amerikanın, Qərbin ata biləcəyi addımları hesab doğru hesabladığı üçün bu qədər dirəniş göstərdi və qanunu qəbul etdi. Görünür, onlar hesab edirmişlər ki, mövcud şərtlərdə Qərb, Amerika daha çox ritorikada sərt mövqe sərgiləyəcək”.

Rəfiqə NAMAZƏLİYEVA