Dünya Müharibəsinə gedən yol... Ukrayna-Rusiya

"Rusiya-ABŞ münasibətləri kritik həddə gərginləşib. ABŞ-ın Sevastopoldakı terror aktında iştirakı, Dağıstandakı silahlı basqında rolu Rusiya tərəfindən şübhə doğurmur. Artıq Rusiya xarici işlər naziri Sergey Lavrov bu barədə açıqlama verib. ABŞ Ukraynaya verdiyi silahlarla Rusiyanı vurur. Kreml isə buna nüvə silahı ilə cavab verəcəyini bildirib".

"Bu variantlar, ən təhlükəli situasiyanın yaranması deməkdir. Çünki Rusiyanın, Amerikanın və NATO-nun Avropadakı obyektlərini vura bilmə ehtimalı dəhşətli nəticələr doğura biləcək bir məqam ola bilər. Belə bir situasiyanın olacağına inanmıram''.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

O bildirib ki, NATO-nun Avropadakı obyektlərini vurmaq, yaxud onlara məxsus hər hansı bir hərbi-strateji obyektlərə hücum etmək bu, bəşəriyyəti fəlakətli məqama gətirib çıxara, hətta bəşəriyyəti məhvə apara bilər.

''İndiki silahlar nə 1941-45-ci ildəki silahlar, nə də Birinci dünya müharibəsindəki silahlar deyil. Çox təhlükəli nəticələrə, dağıdıcı gücə malik olan silahlardır. Açığı, Rusiyada heç də hamının ağlını itirdiyi düşüncəsində deyiləm. Amerikada da düşünürəm ki, bu gərginliyin iki böyük tərəflər arasında hərbi müstəviyə keçməsinin hansı nəticələr doğuracağını yaxşı anlayırlar və bu müstəviyə keçməsinə imkan verməyəcəklər. Mütərəqqi bəşəriyyətin də bu məsələdə öz haqq səsini ucaldacağına və bu problemin yaranmasına imkan verməyəcəyinə inamlıyam. Tərəflərin danışıqlar yolu ilə ortadakı problemi həll edəcəyinə ümid edirəm".

Rəfiqə NAMAZƏLİYEVA