"Azərbaycan polisinin fəaliyyəti təqdirəlayiqdir" - DEPUTAT

“Son günlər Azərbaycanda qətllə müşayiət olunan kriminal hadisələr artıb. Baxmayaraq ki, Daxili İşlər Nazirliyi (DİN) qanunsuz silahları yığır, bir çox vətəndaş tapdığı və ya özündə olan silahı könüllü şəkildə polisə təhvil verir, yenə də cinayət sayı artmaqdadır.

Dəhşətlisi isə odur ki, odlu silahla silsilə qətllər törədilir. Son 1 həftədə artıq bir neçə adam məhz silahla qətlə yetirilib. Burada Xəzər rayonunda güllələnən polisləri və Nərimanovdakı gənci də misal çəkmək olar”.

“Hər şeydən öncə qeyd etmək lazımdır ki, polis əməkdaşları bizim asayişin, təhlükəsizliyimizin keşiyində duran mühüm bir fəaliyyət həyata keçirirlər. Azərbaycan bu gün dünyanın daxili sabitlik baxımından ən sabit ölkələrindən biridir. Düşünürəm ki, burada polis orqanlarının oynadığı rolu çox mühüm qiymətləndirmək lazımdır. Polis eyni zamanda, istər kiber cinayətkarlığa qarşı mübarizədə, istər real ictimai münasibətlərimizdəki qanun pozuntularına qarşı mübarizədə bizim təhlükəsizliyimizi təmin edən əsas funksional orqandır. Səssiz müharibələr kateqoriyasına aid etdiyimiz bir müharibə növü var ki, bu da narkotik müharibələridir. Bəzi qonşu dövlətlər gecə-gündüz fasilə vermədən, durmadan Azərbaycana qarşı bir narkotik müharibəsi aparır. Sərhəd qoşunları yolunu kəsir, başqa vasitələrlə edirlər. Müxtəlif nazirliklər bunlara qarşı mübarizəni gücləndirir, yenə başqa bir vasitəyə əl atırlar. Müasir internet texnologiyalarından istifadə edərək vətəndaşlarımızı bu prosesə cəlb edirlər. Ən nəhayət, sonuncu nümunədə biz gördük ki, dəniz yolu vasitəsilə mütləq hədəf götürdükləri Azərbaycana qarşı narkotikləri çatdırmaqla bağlı israr edirlər. Burada da biz onların önündə sipər kimi yenə Azərbaycan polisini, dövlət təhlükəsizlik xidmət orqanlarını görürük. Ona görə də bu orqanlarının fəaliyyəti ən yüksək təqdirəlayiqdir. Azərbaycan əhalisinin sayı artıq 10 milyon 200 minə yaxındır. Şübhəsiz ki, müxtəlif növ cinayətlərin baş verməsi də mümkündür”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, cinayəti motivasiya edən halların bir çoxu bizim virtual ictimai münasibətlərimizdə ortaya çıxır.

“Bu da müharibənin bir növüdür və müxtəlif internet resursları vasitəsilə vətəndaşlarımız müxtəlif cinayəti motivasiya edən videolarla, videoroliklərlə, informasiyalarla rastlaşırlar. Çox təəssüf ki, bunu bir növ nümunə kimi mənimsəyirlər. Beləliklə filmlərdə, internet resurslarında gördükləri hansısa bir cinayəti özləri üçün bir fəaliyyət proqramı kimi mənimsəyirlər. Bu da internet resursları üzərindən informasiya müharibəsi kontekstində subliminal mesajlar vasitəsilə azərbaycan vətəndaşlarının bir növ şüuraltı yaddaşına ötürülür. Nəticə etibarilə insan sosial varlıqdır və bu təsirlər altında müxtəlif hərəkətlər edə bilir. Ona görə də düşünürəm ki, bunlara qarşı da mübarizə mütləq aparılmalıdır. Artıq bu təkcə polisin kompetensiyası deyil, vətəndaş cəmiyyəti institutlarının da, ziyalılarında, qeyri-hökumət təşkilatlarını da xüsusi bir maarifləndirmə predmetinə çevrilməlidir. Belə olduğu halda mənə elə gəlir ki, biz bu səssiz müharibəyə qarşı daha effektiv mübarizə apara bilərik. Nəzərə almaq lazımdır ki, bu səssiz müharibə dediyimiz həmin müharibənin müxtəlif eybəcər təzahürlərindən biri də dediyimiz kontekstdə müəyyən cinayətləri nümunə götürərək öz həyatında tətbiq etməklə bağlı vətəndaşlarımızı çox mənfi şəkildə motivasiya etmiş olur. Ona görə düşünürəm ki, baş verən cinayətlərin bir qisminin səbəbi də məhz budur. Bütün hallarda Azərbaycan cəmiyyəti, şübhəsiz ki, öz polisinə arxalanaraq belə hallara qarşı ən müxtəlif vasitələrlə mübarizəyə qoşulmalıdır ki, nəticəsi pis olan, belə eybəcər qanun pozuntuları ilə rastlaşmayaq”.

Rəfiqə NAMAZƏLİYEVA