"Azərbaycan sülh müqaviləsi üçün qarantiya istəyir" - AÇIQLAMA

“Ermənistan hökumətinin konstitusiya dəyişikliyinə gedib-getməyəcəyi hələ dəqiq bəlli deyil. Hazırda Bakı ilə İrəvanın arasında aparılan əsas müzakirə bu mövzudadır. Ermənistan konstitusiya dəyişikliyindən maksimum yayınmağa çalışır. Azərbaycan isə bu olmadan, sülh sazişinin imzalanmayacağını dəfələrlə bildirib. Son olaraq Prezident İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbulu zamanı deyib ki, danışıqlar prosesi kifayət qədər sürətli irəliləyir. Ölkə başçısı bildirib ki, sülh müqaviləsinin imzalanması Ermənistanın konstitusiyaya dəyişiklik edəcəyi təqdirdə baş tutacaq”.

“Sülh müqaviləsində maraqlı olan tərəf Ermənistan olmalıdır. Çünki bu ölkə bizim əraziləri işğal edib və nəticədə müharibəni uduzub. Azərbaycan təbii ki, sülh müqaviləsi üçün qarantiya istəyir, ona görə Ermənistanın rəsmi sənədi olan konstitusiyasının dəyişməsini tələb edir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O qeyd edib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcud olduğu təqdirdə sülh müqaviləsinin imzalanması mənasız görünür.

“Hesab edirəm ki, sülh müqaviləsi Azərbaycan-Ermənistan arasında münasibətlərin görünən tərəfidir, lakin görünməyən o qədər həll olunası məsələlər qalıb. Sərhədlərin delimitasiyası, Naxçıvana yolun təmin olunması, Ermənistan konstitusiyasına ediləcək dəyişiklik, diplomatik münasibətlərin bərpası bütün bunlar həll edilməlidir ki, tərəflər arasında normal münasibətlər bərpa olunsun. Yalnız sülh müqaviləsi imzalamaqla iş bitmir. Təəssüf ki, görünən odur ki, Qərb dövlətləri sülh müqaviləsi məsələsini belə tələsik ortaya atmaqla ilin sonuna kimi nəticə görüntüsü yaratmağa çalışırlar. Dünyaya göstərməyə çalışırlar ki, onların iştirakı ilə masada sülh müqaviləsinə imza atıldı və bunu dünyaya uğur hekayəsi kimi göstərməyə çalışırlar. Lakin dediyim kimi sülh müqaviləsi ilə paralel bu istiqamətdə görüləsi çox iş var, imzalanacaq sülh müqaviləsinin möhkəm əsasları formalaşmalıdır. Əks halda hesab edirəm ki, bu yenə formal və kövrək (fragile peace) bir sülh olaraq qalacaq”.

Rəfiqə NAMAZƏLİYEVA