Qarabağ erməniləri Hayastanda miskin durumdadırlar - AÇIQLAMA

“Qarabağdan İrəvana sığınan ermənilərin ölkəni kütləvi şəkildə tərk etdikləri deyilir. Bu haqda Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Xidmətin açıqlamasına görə, 10 308 erməni Ermənistanı birdəfəlik tərk edib. Qarabağdan getmiş “siyasətçi” Akop Akopyan isə deyib ki, Ermənistanı tərk edənlərin sayı daha çoxdur. Onun sözlərinə görə, Qarabağ erməniləri əsasən Rusiyada məskunlaşır”.

“Qarabağı könüllü şəkildə tərk edən ermənilər haqqında Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumat reallığı əks etdirmir. Çünki say daha çoxdur və xüsusilə də may və iyun aylarını müqayisə edəndə təxminən 15 min nəfərin geriyə qayıtmamaq şərtilə Ermənistanı tərk etdiyi məlum olub. Prinsip etibarilə onların hamısı Rusiyaya köçmür. Onların arasında imkanlarına uyğun olaraq müxtəlif ölkələrə köçən şəxslərdə var. Eyni zamanda, ənənəvi qaydada ermənilərin daha kompakt yaşadığı Rusiya ərazilərinə, həmçinin Qarabağdan könüllü köçən ermənilərin də həmin ərazidə məskunlaşdığı bildirilir. Bununla paralel olaraq Ermənistan hakimiyyəti də iş yerləri ilə bağlı müvafiq addımlar atmağa söz verib”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, ermənilərin Ermənistanı tərk etməməsi üçün müəyyən inteqrasiya prosesi, o cümlədən vətəndaşlıqla bağlı müəyyən addımların atıldığı bildirilir.

“Bununla da bağlı çoxsaylı bir-birini təkzib edən ziddiyyətli məqamlar var.

Tamamilə bütün bu şəxslərin Rusiyaya getdiyi barədə məlumatlar həqiqəti əks etdirmir. Çünki Ermənistanın özünün rəsmi mənbələri bununla bağlı fərqli məlumatlar yayırlar. Konkret rəqəm göstərilməsə də, bu baxımdan ermənilərin kənar bir ərazidə toparlanaraq yenidən revanşçı bir meyllərlə hərəkət edəcəyi barədə təsəvvürlərin doğru olmadığı qənaətindəyəm. Rusiyada yaşayan ermənilərin təşkilatlanaraq Ermənistanda və yaxud hansısa bir ərazidə baş qaldırmaları, revanşçı meylləri gücləndirməsi kimi bir niyyət ortalıqda olsa idi, Rusiyada yaşayan ermənilərin sayının az qala iki milyondan çox olduğuna görə bu vaxta qədər artıq bu istiqamətdə müəyyən addımların atılmasının şahidi olardıq. İndiki şəraitdə bu mənzərənin real olmadığı qənaətindəyəm”.

Rəfiqə NAMAZƏLİYEVA