"Azərbaycan öz prinsipial mövqeyində qərarlıdır" - AÇIQLAMA

“Ermənistanın keçmiş Baş Qərargah rəisi Movses Akopyan deyib ki, nə sərhəd postları, nə də başqa bir şey Tavuşda sülhü təmin edəcək.

“Ölkələrin təhlükəsizliyi siyasi hakimiyyət və ordu tərəfindən təmin

edilir. Qalan şeylər – mövqelər, bunkerlər, sərhəd postları, xüsusilə Azərbaycanla bağlı situasiyada təsirsizdir. Mən artıq demişəm ki, bu hakimiyyət destruktivdir” – deyə o bildirib”.

“Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesinin müsbət nəticələnməsinə qarşı olan qüvvələr, xüsusilə revanşistlər və üçüncü qüvvələrə bağlı olan qruplar çalışırlar ki, mümkün bütün variantlardan istifadə edərək bu danışıqlar prosesini pozsunlar. Ona görə də hesab edirəm ki, bu açıqlamada məhz bu məqsədə xidmət edir”.

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin pozulması və nəticədə kənar qüvvələrin öz məqsədlərinə çatması üçün mümkün qədər çalışırlar.

“Amma Azərbaycan tərəfi təbii ki, baş verən həmçinin bundan sonra baş verəcək təxribat ehtimallarını dəyərləndirir və ona uyğun addım atır. Hesab etmirəm ki, Azərbaycan bu məsələni ciddiyə ala bilər. Çünki indiyə qədər bu istiqamətdə kifayət qədər addımlar atılıb və sülh danışıqları prosesini pozmağa cəhdlər edilib. İndi də bu davam edir və bundan sonra da danışıqlar prosesində bu tendensiya müşahidə olunacaq. Düşünmürəm ki, danışıqlar prosesi asan olacaq. İstənilən halda Azərbaycan öz prinsipial mövqeyində qərarlıdır. Bu tipli açıqlamalar xüsusilə müxtəlif vaxtlarda, həm Ermənistan daxilində, eyni zamanda, üçüncü qüvvələrin təhriki ilə baş tutan təxribat elementləri Azərbaycanın öz prinsipial mövqeyindən geri çəkməyəcək. Bundan sonra da biz Azərbaycanın beynəlxalq normalarına söykənən şərtlərinin mərhələ-mərhələ həyata keçəcəyinə və Ermənistanın bu şərtləri qəbul etməyə məcbur olacağını müşahidə edəcəyik”.

Rəfiqə NAMAZƏLİYEVA