"Rusiya ilə Türkiyə arasında münasibətlərdə müəyyən soyuqluq hiss olunur" - AÇIQLAMA

“Kremlin mətbuat katibi Dmitri Peskov son açılamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda mümkün vasitəçi rolunda çıxış etməyəcəyini açıqlayıb.

D. Peskov həmçinin Astanada Ərdoğan və Putin arasında baş tutan görüşdə Ukrayna münaqişəsi mövzusunun müzakirə olunduğunu təsdiqləyib”.

“Türkiyə və onun başçısı Ərdoğanın Rusiya-Ukrayna arasında vasitəçilik prosesində rolu əvvəllər daha çox hiss olunurdu. Təəssüf ki, bu istiqamətdə hər hansı real nəticə əldə olunmadı”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O qeyd edib ki, Peskovun bu açıqlaması situativ və daha çox Türkiyənin bu prosesdəki rolunu azaltmağa hesablana bilər.

“Biz bilirik ki, Rusiya ilə Türkiyə arasında münasibətlərdə müəyyən soyuqluq hiss olunur. Əgər Rusiya mətbuatına nəzər yetirsək görəririk ki, iki ölkə arasında münasibətlərə dair hardasa tənqidi fikirlər səslənir. Bu arada biz Rusiya Prezidenti Putinin Türkiyəyə səfərinin təxirə salındığını görürük. Türkiyənin özünün bu saat qonşuluqda baş verən hadisələrə daha çox fikri yönəlib, doğrusu Ərdoğan Ukrayna-Rusiya arasında sülhə yaxınlaşmaq üçün kifayət qədər səy göstərdi. İndi isə hiss olunur ki, Türkiyə müəyyən qədər bu prosesdən kənara çəkilib və indi bu rolda Macarıstanın baş naziri Viktor Orban çıxış etməyə çalışır. Ola bilsin ki, Rusiya Türkiyənin bu məsələdə vasitəçiliyində maraqlı görsənmir. Qərb üçün isə indi Macarıstanın vasitəçiliyi daha məqbul görsənir. Ukrayna və Rusiya isə hələ ki, hərbi əməliyyatları dayandırmaq fikrində deyil. Müharibənin hələ bundan sonra hələ bir neçə il davam edəcəyi və hər iki tərəf məqsədinə çatmayana kimi şübhəsiz ki, daha şiddətlənəcəyi gözləniləndir. Belə görünür ki, Kreml bu məsələdə heç kimə güzəşt getmək fikrində deyil”.

Rəfiqə NAMAZƏLİYEVA