"Azərbaycan- Çin münasibətləri ən üst səviyyədədir" - siyasi şərhçi

“Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Astanada görüşüb. Görüş zamanı iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində söhbətlər aparılıb. Bununla yanaşı, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalanıb”.

“Çin Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabr ayında tanıyıb və 1992-ci ilin aprel ayında isə diplomatik əlaqələr qurulub. 30 ildən çox bir müddətdə Çin-Azərbaycan münasibətləri yüksələn xətlə davam edir. Bu təkcə sözlərlə ifadə olunmur, konkret reallıqda da öz əksini tapıb. Çin beynəlxalq təşkilatlar çərçivəsində hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycan da qarşılıqlı şəkildə vahid Çini qəbul edib. Tayvanı Çinin ayrılmaz hissəsi hesab edir və Çin də BMT Təhlükəsizlik Şurasının üzvü kimi və digər beynəlxalq təşkilatlarda daim Azərbaycanın haqq səsini dəstəkləyib. Təbii ki, iki dövlət arasında münasibətlər təkcə siyasi və diplomatiya ilə çərçivələnmir, həmçinin ticari, iqtisadi əlaqələrdə mühüm amillərdən hesab olunur. Çin hər zaman beynəlxalq platformalarda Şərqdən Qərbə açılan nəqliyyat dəhlizlərində “Bir kəmər, bir yol” layihəsində bütün təkliflərdə Azərbaycanın coğrafi mövqeyini önə çəkib”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural Əliyev deyib.

O qeyd edib ki, Çin daima Azərbaycan ərazisindən keçən layihələrə dəstək verməyə və Azərbaycan tərəfdən irəli sürülən təklifləri də müsbət qarşılayıb.

“Nəhayət ki, 30 ildən çox bir müddətdə iki dövlət arasında münasibətlərin kulminasiyası Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən görüşündə tərəflər arasında strateji əlaqələrin qurulmasına dair birgə bəyanat imzalandı. Bu birgə bəyanat da özündə bütün sahələri ehtiva edir. Ticari, iqtisadi, nəqliyyat, kommunikasiya, mədəniyyət, təhsil, səhiyyə, bütün sahələrdə qarşılıqlı şəkildə dəstək və körpülərin qorunmasının əsası qoyuldu. Bu, 30 ildən çox bir müddətdə gedilən yolun məntiqi nəticəsi idi. Çünki iki dövlət arasında münasibətlər qarşılıqlı etimad, hörmət o səviyyəyə qalxır ki, o dövlətlər arasında əlaqələr strateji əlaqələrə çevrilir və bu əsnada həmin bəyanatda bəndlərə fikir versək, birbaşa olaraq Çini Azərbaycanı daha da yaxınlaşdıracağını görə bilərik. Gələcəkdə yaşıl enerjiyə keçiddə Azərbaycanın oynayacağı rol və noyabrda keçiriləcək COP29-da Azərbaycan böyük bir tədbirə ev sahibliyi etməyi və Çinin də bunu dəstəkləməsi çox önəmlidir. Nəzərə almalıyıq ki, Çin hazırda yaşıl enerji istehsalında demək olar ilk pillədə gedir. Bu baxımdan Azərbaycana investisiya, yatırım həmçinin Azərbaycanda yaşıl enerjinin inkişaf etdirilməsi, yaşıl enerjinin Qərbə nəql olunmasında və ənənəvi enerji ixracatçı bazasına çevrilməsində Çinin texnoloji dəstəyi və investisiyası çox mühüm rol oynayacaq. Buna görə də ikitərəfli Çin-Azərbaycan münasibətlərini xarakterizə etsək, qarşılıqlı faydalılıq, iqtisadi sərmayələr və ən nəhayət, Azərbaycanın strateji və coğrafi mövqeyi, iki dövlətin birgə layihələrinin həyata keçirilməsi kimi əlaqələr inkişaf etdiriləcək. Azərbaycanın da Şərqdən Qərbə, Şimaldan Cənuba nəqliyyat marşrutlarının qovşağına çevrilməsi iki dövlətin münasibətlərini daha da möhkəmləndirəcək”.

Rəfiqə NAMAZƏLİYEVA