Başa düşürlər ki, 21 əsr Türk əsridir... - siyasi şərhçi

“Avropanın türklərə münasibəti gündən-günə daha da qərəzli, ədalətsiz, qeyri-obyektiv şəkil alır. Bu, idmandan tutmuş, siyasətə qədər hər sahədə özünü göstərir. Artıq münasibətlər tam bir düşmənçilik müstəvisinə keçib. Futbol üzrə Avropa Çempionatında baş verənlər bunu tam detallı şəkildə gözlər önünə sərdi. Türkiyə millisinin oyunçusu Merih Demiralın rəqib qapısına qol vurduqdan sonra “Bozqurd” işarəsi göstərməsi Avropanın türklərə qarşı kininin, paxıllığının miqyasını ortaya qoydu.

Bir daha aydın oldu ki, Avropa türk millətini qəbul etmir, onun uğurlarını qısqanır”.

“Belə ədalətsiz mövqe yeni deyil, hər zaman olub, bunun da tarixi var. Tarixən Avropa dövlətləri Türkiyəni, Türk dövlətlərini və Türkləri qısqanıb. Avropa demokratik böhran keçirir, onların əhalisində faktiki deqradasiya gedir, öz milləti arasında artım yoxdur, azalma var. Avropanın əsas işçi qüvvəsi Türklər, Afrika ölkələrindən gəlmələrdir, onlar bunun hesabına ölkəni saxlayır, özlərinin qurduğu əxlaqi dəyərlər indi genefondu məhv etmək üzrədir”.

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Siyasi şərhçi qeyd edib ki, onlar bilirlər ki, türklərin güclənməsi və birliyi türklərin bütün sahələrdə önə çıxmasına və hökmran olmasına gətirib çıxaracaq.

“Ona görə idmanda da siyasətdə də bu qısqanclıq açıq aşkar hiss olunur. Türkiyə yığmasının oyunçusuna Avropa çempionatında sərgilənən ədalətsizlik, Türk ölkələrinin keçirilən sammiti və Avropa ölkəsinin buraya təşrif buyurması bəzi Aİ ölkələrini və Avropa Komissiyasının siyasi rəhbərliyini artıq özündən çıxarıb. Çünki başa düşürlər ki, 21 əsr Türk əsridir, Türk dövlətləri artıq uğurlu siyasi və iqtisadi ittifaqlar qurur. Türk düşmənlərinə qarşı birləşə bilir, ona görə hər vəchlə bunu pozmağa çalışırlar. Təəssüf ki, bu gün Türk dünyasının düşməni az deyil, illərlə Avropa İttifaqının Türkiyəni üzv qəbul etməməsi, Kipr məsələsinə göstərilən münasibət, Azərbaycana olan qərəzli münasibət uzaq tarix deyil. Bütün bunlar Türk dünyasının, Türk və müsəlman dövlətlərinin uğurlu ittifaq qurmaqları və güc mərkəzinə çevrildiyi bir anda baş verir”.

Rəfiqə NAMAZƏLİYEVA