"İran dövləti tədricən əvvəlki dönəminə qayıda bilər" - AÇIQLAMA

“İran Prezidenti Məsud Pezeşkian “Tehran Tayms” qəzetinə verdiyi müsahibədə dünya ictimaiyyətinə müraciət edib. O qeyd edib ki, ABŞ reallığı görməli və birdəfəlik başa düşməlidir ki, İran təzyiqlərə cavab vermir. O, nüvə silahı məsələsinə də toxunaraq, İranın müdafiə doktrinasında nüvə silahı olmadığını bildirib: “İran nüvə silahı əldə etmək istəmir. Tehran qonşuları ilə əlaqələri genişləndirməyi və Avropa ilə əlaqə qurmağı planlaşdırır”.

“Maraqlı açıqlamalardır, dünya sürətlə dəyişir, ola bilsin İran da bu dəyişikliyə uyğunlaşmağa çalışır. İranda Prezident Məsud Pezeşkian fikirli bir şəxsin Prezident seçilməsi müəyyən dəyişikliyin olacağından xəbər verirdi. İran uzun illərdir sanksiya altındadır və bu sanksiya İrana böyük iqtisadi ziyan vurub, faktiki ölkə bundan, bu blokadadan hər mənada itirir”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Siyasi şərhçi qeyd edib ki, İranda vətəndaşların Pezeşkiana səs verməsi isə İranda dəyişikliklərin anonsu sayıla bilər.

“İran uzun illər müasir, Qərblə Avropa ilə yaxın münasibətləri olan bir ölkə olub və əhali müasir dünya ilə uyğunlaşmağa meyllidir. İstisna etmək olmaz ki, yeni Prezident seçiləndən sonra islahatlar yolu ilə İran dövləti tədricən əvvəlki dönəminə qayıtmağa başlasın. Digər bir yandan bu bəyanatlarla İran nüvə məsələsi ilə bağlı üzləşə biləcəyi təzyiqlərdən yayınmaq üçün belə açıqlamalar verir. İstənilən halda mən hesab edirəm ki, Pezeşkian çox aktiv xarici siyasət yürüdəcək, Qərb ölkələri və qonşu dövlətlərlə uğurlu işguzar əlaqələr qurmağa çalışacaq. Çünki hər şeydən əvvəl ticari-iqtisadi baxımdan İran dövlətinin buna ehtiyacı var. Qərb dünyası ilə əlaqələrin normallaşması isə o cümlədən Türkiyə və Azərbaycanla qurulan uğurlu əlaqələrdən keçir. Təbii ki, bütün bunlardan İran dövləti də fayda götürmək və ölkəsinin inkişafına nail olmaq istəyir. Hesab edirəm ki, İranla Qərb ölkələri, ABŞ-la pərdəarxası hər zaman müəyyən təmaslar mövcud olub, məhz buna görə Birləşmiş Ştatlar heç zaman İrana qarşı radikal addımlar atmayaraq siyasi dialoq pəncərəsi saxlamağa çalışıb. İqtisadi baxımdan da Avropa dövlətləri ilə işgüzar əlaqələr hətta ən kritik dönəmdə mövcud olub. Belə görünür ki, Pezeşkianın prezident seçiləndən sonra bu ələqələlər daha açıq müstəviyə kecərək İranın daha da muasirləşməsi və beynəlxalq təşkilatlar çərçivəsində dialoquna təkan verəcək. Bu açıqlamanın indi verilməsi ABŞ-da baş verən Trampa sui-qəsd hadisəsi ilə bağlılığı da ola bilər. Tramp Baydenə nisbətən İran siyasətində daha sərt mövqe sərgiləyən siyasətçidir və getdikcə Trampın hakimiyyətə gəlmək şansları İran hakim dairələrində narahatçılığa da səbəb olmuş ola bilər”.

Rəfiqə NAMAZƏLİYEVA