İran Azərbaycana qarşı müxtəlif cəbhələrdə fəaliyyət göstərir - Aqşin Kərimov

“İran və Ermənistan arasında silah tədarükü ilə bağlı məxfi müqavilə imzalandığına dair məlumatlar yayılıb. Müqavilə dəyərinin isə 500 milyon dollar olduğu iddia edilir. “İran İnternational” razılaşmaya əsasən Tehranın İrəvanı kamikadze PUA-ları ilə təchiz etməsini nəzərdə tutduğunu yazıb. Ermənistan Müdafiə Nazirliyi iddiaları təkzib etsə də, sözügedən məlumat ictimaiyyətdə birmənalı qarşılanmayıb. Xüsusilə azərbaycanlı Məsud Pezeşkianın İranda hakimiyyətə gəlməsindən sonra Tehranın İrəvanla bağlı siyasətində müəyyən dəyişikliklərin olacağı gözlənilirdi”.

“İranla Ermənistanın hərbi-texniki əməkdaşlıq üzrə 500 milyon dollarlıq silah satışı üzrə sövdələşməsi məlumatlarına bir qədər fərqli prizmadan yanaşacam. İran onsuz da Ermənistan üçün nəfəslik rolunu oynayır və onun məntiqində İrəvanın Azərbaycana qarşı duruş sərgiləməsi regional aparıcı xətlərdən birini təşkil edir. İran Azərbaycana qarşı müxtəlif cəbhələrdə fəaliyyət göstərir. SEPAH bunun üçün asimmetrik müharibə, informasiya müharibəsi və Ermənistana silah və hərbi texnika ötürülməsi əməliyyatları aparır. Məsələnin daha geniş regional məzmunu var, sizə bir neçə qeyd verəcəyəm. Ermənistan İranın Suriya və Livana gedən silah daşınması dəhlizində ilkin coğrafi lövbərdir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi təhlilçi Aqşin Kərimov deyib.

Siyasi təhlilçi qeyd edib ki, İranın Yaxın Şərq siyasətində proksi qüvvələri silahlandırması Ermənistan üzərindən həyata keçirilir.

“İrəvandan qalxan təyyarələr Hələb ərazisinə dəhlizin əsas hissəsi kimi eniş edirlər. Bu əsasda, İran Ermənistanı təkcə Azərbaycanın maraqlarını sarsıtmaq üçün deyil, Tehranın Suriya və Livandakı səylərini dəstəkləmək səyləri üçün istismar edir. İranın hər iki meydandakı – Cənubi Qafqazda və Yaxın Şərqdə - hərəkətləri kompleks olaraq rəqiblərinə qarşı işləyir. Bu, İranın Ermənistandakı SEPAH kadrı olan səfiri Mehdi Sübhani vasitəsilə koordinasiya edilir. Elə Mehdi Sübhaninin bu yaxınlarda Azərbaycana qarşı yeni hədə ritorikası nümayiş etdirməsi də onun diplomatdan çox kəşfiyyat trafikindəki trayektoriyasını göstərir.

Yəni Ermənistanın silahlandırılmasının daha miqyaslı konteksti mövcuddur. Ermənistan:

- Həm İrandan Suriyaya, oradan Livana silah tədarükünü ört-basdır edən gizli tranzit məntəqəsidir,

- Həm də Azərbaycana qarşı bir vasitədir.

Bu, İranın rəqibləri tərəfindən həyata keçirilə biləcək kəşfiyyat təqiblərini gizlətmək üçün seçilmiş metoddur.

Yəni İranla Ermənistan arasındakı silah satışı üzrə razılaşma İranın Yaxın Şərq üzrə gerçək niyyətlərini fasadlamaq üçün ortaya atılmış, əslində icrası iki istiqamətə yönələn addımdır. Bunun açması belədir ki, İran artıq Yaxın Şərqlə Cənubi Qafqazı eyni geosiyasi məkan kimi qiymətləndirib məsələləri Ermənistan üzərindən koordinasiya edir”.

Rəfiqə NAMAZƏLİYEVA