Sülh prosesinin ləngiməsi məhz Ermənistan və onun beynəlxalq himayədarlarının günahı ucbatından baş verir - Elçin Xalidbəyli

“Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında yaranan durğunluq vəziyyətinin günahkarı Ermənistan və Ermənistanın beynəlxalq himayədarları, ilk növbədə də Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Fransadır. Başqa bir səbəb mövcud deyil. Azərbaycan sülh danışıqlarının davam etdirilməsi iddiası ilə çıxış edir”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, rəsmi Bakı sülh danışıqlarının ən qısa zamanda yekun sülh sazişinin imzalanması ilə nəticələnməsinə cəhd göstərir.

“Ancaq təəssüf ki, Amerika Birləşmiş Ştatlarından, Avropa Birliyindən və Fransadan təlimat alan Paşinyan hakimiyyəti sülh danışıqlarından mümkün qədər məsafə saxlamağa, uzaqlaşmağa, sülh sazişinin imzalanmasından yayınmağa cəhd göstərir. Belə anlaşılır ki, Amerika Birləşmiş Ştatlarına da, Avropa Birliyinə də, Fransaya da, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması qətiyyən sərfəli deyil. Ona görə də bu prosesi bloklamağa çalışırlar. Buna misal olaraq, Böyük Britaniyanın Baş nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında keçirilməli olan görüşdən Ermənistanın imtina etməsi də bunu təsdiqləyir. Yəni burada Azərbaycanın hər hansı bir neqativ rolu mövcud deyil. Azərbaycan yalnız sülh sazişinin imzalanmasının əsas təşəbbüskarı kimi çıxış edir və bu prosesin ən qısa zamanda yekunlaşmasına cəhd göstərir. Sülh prosesinin ləngiməsi, hətta dalana dirənməsi məhz Ermənistan və onun beynəlxalq himayədarlarının günahı ucbatından baş verir. Ona görə də Cənubi Qafqazda sülh prosesinin indiki vəziyyətə düşməsi, qəlizləşməsinə, danışıqlar prosesinin dayandırılmasına görə Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Fransa birbaşa məsuliyyət daşıyırlar”.

Rəfiqə NAMAZƏLİYEVA