- Müşahidə məntəqəsi
- 4 Sentyabr 2024 17:17
- 5 861
Azad Məsiyev: "Birləşmiş Ştatların hədəfi İranda hərbi yolla hakimiyyəti devirməkdir"
“ABŞ İsrailin İran tərəfindən “hücum təhlükəsi” altında olduğunu, regional gərginliyi azaltmağa ehtiyac duyulduğunu bildirir.
“Biz hələ də hesab edirik ki, İsrailə hücum təhlükəsi mövcuddur və lazım gəldikdə İsrailin müdafiəsi, eləcə də hücuma məruz qaldıqda qüvvələrimizi qorumaq üçün yaxşı mövqedəyik”, – Pentaqonun sözçüsü, general-mayor Pat Rayder bildirib”.
“Birləşmiş Ştatların məqsədi İranda hakimiyyəti dəyişmək və özlərinə sərf edən bir hakimiyyət qurmaqdır. Bu baxımdan uzun müddətdir ki, İranı sanksiyaya məruz qoymuş və İranda inqilab yaratmaq üçün iqtisadi sanksiyanı tətbiq etmişdir. İllər ərzində bu proyekti özünü doğrultmamışdır. Birləşmiş Ştatların hazırda yeni bir proyekti var. Yaxın Şərqdə baş verən hadisələr də İranı münaqişəyə cəlb eləmək üçün bir provakasiyadır. Hesab edirəm ki, İran dövləti də bu təxribatlara getməyəcəkdir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib.
Siyasi ekspert qeyd edib ki, uzun müddətdir ki, İran ətrafında müəyyən gərginlik yaradılır.
“İranın İsraili vurması kimi təxribatlar həyata keçirilir. Birləşmiş Ştatların planı İranı münaqişəyə cəlb etmək, hədəfə almaq və hərbi əməliyyatları başlatmaqdır. Bu proyekt də özünü doğrultmayacaq. Çünki İranda kifayət qədər təxribatdan hali olan insanlar var. İran nə qədər bu cür təxribatlardan uzaq olacaqsa, İranın daxilində gərginlik yaratmaq üçün rəvac verilməyəcək. İran ideoloji bir dövlətdir. Yəni İranı hansısa bir iqtisadi sanksiyalarla devirmək real görünmür. Birləşmiş Ştatlar böyük bir hərbi kontingentini Yaxın Şərqə aparmaqda məqsədi İranı hədəfləmək və münaqişəyə cəlb etməklə daxilinə zərbələr endirməkdir. Düşünürəm ki, İran dövləti bu cür təxribatlardan yan qaçacaqdır. Birləşmiş Ştatlar uzun müddətdir ki, İranın daxilində kəşfiyyat işləri və istər dini lider ətrafında, istər idarəetmə orqanlarında kifayət qədər casus şəbəkəsi yaradır. Bu casus şəbəkəsi vasitəsilə İran dövləti adına müəyyən bəyanatlar səsləndirilir. Hətta İranı münaqişəyə cəlb etmək üçün bu cəsus şəbəkəsi aktiv fəaliyyət göstərir. Hətta bu cür təxribatları Azərbaycana qarşı da görmüşük. İran bu cəsus şəbəkəsini də aşkar edib və onu münaqişəyə cəlb etmək istəyən təxribatçı qrupları da neytrallaşdıracaq. Ümumiyyətlə, İran ətrafında elə bir gərginlik ocağı yaranır ki, İran münaqişə astanasındadır. Hazırda Ermənistanda Birləşmiş Ştatların böyük Mərkəzi Kəşfiyyat İdarəsinin böyük rezidenturası var.
“Bu rezidentura vasitəsilə İranın daxilində kəşfiyyat pozuculuq işləri aparılır. İranın münaqişəyə cəlb edilməsi İran üçün fəlakət ola bilər. Buna görə İrandakı düşünən beyin mərkəzləri, hesab edirəm ki, bu cür təxribatlara getməyəcək. Sadəcə, hadisələrin beynəlxalq hüquq çərçivəsində həll edilməsində maraqlı olmalıdır. Birləşmiş Ştatlar İranda hakimiyyəti dəyişməklə bir neçə hədəfə çatmaq istəyir. Bildiyiniz kimi, Birləşmiş Ştatlar Rusiyanı düşmən elan edib və Rusiyanın dünya siyasi arenasından silmək üçün ətrafında qaynar ocaqlar yaradır. Rusiyanında cənub cinahını bağlamaq, blokadaya almaq üçün İranda hakimiyyəti dəyişib, özlərinə münasib hakimiyyət qurub Rusiya əleyhinə istifadə etmək istəyir. Eyni zamanda, Türkiyə və Azərbaycan birgə türk dünyasının yaradılması sahəsində fəaliyyət göstərir. Bir millət, bir ittifaq halına gəlmək üçün Türk Dövlətləri Təşkilatı fonunda Turan İttifaqını yaratmaq istəyirlər. Regional gücdən qlobal gücə keçmək istəyirlər. İran da məhz bu türk dövlətlərinin mərkəzindədir. Birləşmiş Ştatların hədəfi İranda hərbi yolla hakimiyyəti devirməkdir. Hesab edirəm ki, İranın münaqişəyə girməsi İran üçün böyük bir fəlakət olacaq. O cümlədən də region üçün də böyük bir fəlakət ola bilər”.
Rəfiqə NAMAZƏLİYEVA