“Zelenski cəsarət və müdriklik nümayiş etdirməlidir”-Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

-Qüdrət bəy, ABŞ Ukraynaya verdiyi raketlərlə Rusiyanın dərinliklərindəki strateji hədəfləri vurmağa icazə versə bu müharibədə dönüş yarada bilərmi?

-Xeyr. Ukraynanın Qərb tərəfdaşları görəndə ki, Ukraynada təslimçilk əhval-ruhiyyəsi güclənir, ona əlavə silahlar və ondan Ukraynanın öz istədiyi kimi istifadə etməsinə icazə verə bilərlər. O məqsədlə ki, müharibə bir müddət də davam etsin. Qərb dövlətləri müharibəni uzatmaqla calışırlar ki, Ukraynanın məğlubiyyəti ilə yalnız Ukrayna xalqı yox, öz ictimaiyyətləri də barışsın. Sonda desinlər ki, gödünüz, əlimizdən gələni etdik, amma xeyri olmadı. Onlar Zelenskini Kiyevdən qaçırmaqla hərbi əməliyyatların bitməsini, Ukraynada Rusiyayönümlü hakimiyyətin qurulmasını istəyirdilər. Amma Zelenskinin, Ukrayna Ordusunun və xalqının müqaviməti Qərbin bu planlarını pozdu. Mən bu gün də inanmıram ki, Rusiya ABŞ-la razılaşmadan Ukraynaya girib.

- Sizcə Zelenski indiki şəraitdə nə edə bilər?

-Zelenski cəsarət və müdriklik nümayiş etdirməlidir. Necə ki, bunu 1994-cü ildə Ermənistanla atəşkəs haqqında Bişkek protokolunu imzalamağa razılıq verməklə mərhum prezident Heydər Əliyev etdi. O zaman Azərbaycan təklənmiş, iqtisadiyyatı dağılmışdı. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə gücü yetərli deyildi. Heydər Əliyev atəşkəs haqqında sazişi imzalamaqla ölkədə sabitliyi təmin etdi və dövlət quruculuğuna başladı. Xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı, ordu quruculuğuna başlanıldı. Ermənistanın tərəfdaşları ilə güclü diplomatik iş aparıldı və həmin siyasi xətti davam etdirən İlham Əliyev 2020-ci ildə ilk əlverişli beynəlxalq şərait yaranan kimi torpaqlarımızı işğaldan azad etdi.
İndi Zelenski Ukrayna xalqına açıq deməlidir ki, müttəfiqlərimizin etdiyi köməklə biz Rusiyaya qalib gələ bilmirik, ən yaxşı oğlanlarımız ölür, ölkənin iqtisadiyyatı dağılır, yaşayış məskənlərimiz viran edilir.
Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar yarımçıqdır və ciddi effekt vermir. Rusiyanın güclü müttəfiqləri var və ona kömək edirlər. Daxildə iqtidarın parçalanacağına, xalqın iqtidardan üz döndərəcəyinə dair gözləntilər də özünü doğrultmur. Ona görə də biz əlverişli şərtlərlə atəşkəsə getməli, problemi danışıqlar yolu ilə həll etməyə çalışmalıyıq. Danışıqlar yolu ilə məsələ öz həllini tapmazsa, o zaman iqtisadiyyatı, hərbi sənaye kompleksini inkişaf etdirməli, dünyada geosiyasi vəziyyətin dəyişməsini gözləməliyik.
Mən çıxış yolunu bunda görürəm. Rusiya nüvə dövlədir və heç kim Ukraynaya görə Rusiya ilə müharibə etməyəcək. Ukraynada nə qədər tez bunu anlasalar, bir o qədər çox insanın həyatını xilas etmək olar.

-Qüdrət bəy, bəzi Qərb ölkələri COP-29-u baykot edə bilərmi?

-Az sayda ölkələrin bunu etmə ehtimalı var. Əvvəla, COP-29 ekoloji problemlərlə bağlı BMT-nin keçirdiyi tədbirdir. İkincisi isə bu konfrans Azərbaycanın problemlərinin həlli üçün çağırılmır və buna görə də həmin ölkələr bununla heç nəyə nail ola bilməzlər. Biz, sadəcə ev sahibliyi edəcəyik və tədbirin layiqincə keçirilməsi üçün bacardığımızı edirik. Qərbdə Azrbaycanın strateyi tərəfdaş olduğu çoxlu ölkələr var və onlar birmənalı olaraq bu tədbirə qatılacaqlar. Prezident İlham Əliyevin İtaliyaya son səfəri çox uğurlu idi. Bəzi ölkələrin rəsmiləri bundan nəticə çıxarmalı və məsuliyyətsiz çağırışlar etməməlidirlər.