“Başqalarının meydançasında” ədalət gözləməkdənsə, öz “meydança”larımızı yaratmalıyıq - Elçin Mirzəbəyli

Vikipedia məsələsinə qayıtmaq istəyirəm, amma bir az başqa rakursdan.

Problemin kökündə dayanan amil bu resursun, Qərbin digər layihələri kimi informasiya müharibəsinin elementlərindən biri, yaxud geosiyasi təzyiq aləti kimi fəaliyyət göstərməsidir.

Real müstəvidə, torpaqlarımızın 30 ilə yaxın zaman kəsiyində işğal altında olduğu zaman kəsiyində, postmüharibə və suverenliyimizin bərpasından sonrakı dövrdə ölkəmizin ərazi bütövlüyünə, ədalət prinsiplərinə münasibət necə idisə, virtual müstəvidə də eynidir. Vikipedia, FB və digər bu kimi resurslar obyektiv informasiya yaymaq, dövlətlərin suverenliyi və müstəqilliyinin, sərhədlərinin toxunulmazlığının qorunmasının təşviqi üçün yaradılmayıb. Vikipediyanın yaradıcısı Cimmi Vales üçün nə həqiqət, nə də bir-biri ilə yola getməyən Azərbaycan vikipediaçılarının mülahizələri maraqlı deyil. O, “viki-nənə” adlandırdığı və mükafatlandırdığı Susanna Mkrtçyanın, eləcə də doğulduğu Alabamadan dostluq etdiyi erməni əsilli iş adamlarının dediklərinə daha çox inanır, nəinki göz önündə olan reallıqlara... Vikipediaya gəldikdə isə, o həm də biznes layihəsidir. Daha doğrusu başlanğıcda biznes layihəsi kimi düşünülüb, sonra isə... Sonrası, düşünürəm ki, hər kəsə bəllidir.
Məhz bu baxımdan, istər vikipedia, istərsə də ABŞ-dan, Aİ-dən idarə olunan digər resurslar heç vaxt Azərbaycan və azərbaycanlılar haqqında həqiqətlərin olduğu kimi dünyaya çatdırılmasında, təbliğ olunmasında maraqlı olmayacaqlar. Bəziləri 1980-ci illərin sonunda, 90-cı illərin əvvəllərində ilişib qalmış yarımmılli sovet adamları kimi Qərbdən ədalət və “demokratiya cənnəti” gözləntilərindən əl çəkməli, geosiyasi savaşın, dünyanın yenidən bölünməsi prosesinin ən sərt, amansız bir mərhələsində olduğumuzu başa düşməlidir. Virtual aləm də real dünya kimi bölünüb artıq... Bu səbəbdən “başqalarının meydançasında”, yaxud “ocağı başında” ədalət və mərhəmət gözləməkdənsə, informasiya məkanında da öz “meydança”larımızı yaratmalıyıq. Real alternativlərimiz olmayana qədər onun-bunun “ədalət”indən asılı qalacağıq.

Türk Dövlətləri Təşkilatı, nəhayət ki, ortaq əlifbanın yaradılması ilə bağlı nəticəyə vardı... Bəs türk dövlətlərinin ortaq bilgi platformaları, sosial şəbəkələri, işlək onlayn lüğətləri nə zaman yaradılacaq?

Cimmilərin nəzarətində olan platformalarda hər zaman onların maraqlarından çıxış edən və havasına oynayanlar, eləcə də naqis əməllərə don geyindirməyə çalışanlar tapılacaq.

Artıq “virtual dünya”nın da real dünya kimi geosiyasi maraqlar müstəvisində bölündüyünü qəbul etməli və özgə maraqlarının nüfuz edə bilməyəcəyi layihələrin həyata keçirilməsinə çalışmalıyıq.

Vaxt gözləmir...

Elçin Mirzəbəyli

Siyasi analitik