Politoloq: "Ermənistanın Azərbaycana qarşı dəyişkən mövqedə olmasının kökündə məhz bu amil dayanır"

“ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ermənistana pul yardımını iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırıb. Razılaşma Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və USAİD-in Ermənistan missiyasının direktoru Con Alelo tərəfindən imzalanıb. Genişlənmiş saziş fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edir. Bunu ikinci “Marşal planı” kimi qiymətləndirənlər də var”.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu fikirləri AzNews.az-a açıqlamasında deyib ki, son zamanlar Ermənistanın sürətli silahlandırma prosesi gedir.

“Bu prosesdə iştirak edən əsas dövlətlərin Birləşmiş Ştatlarla birbaşa əlaqəsinin olduğunu müşahidə edirik.

Xüsusilə Hindistanı misal göstərmək olar. Eyni zamanda, Ermənistan son zamanlar Yaponiya və Cənubi Koreyada hərbi sahədə əməkdaşlıqda maraqlı görünür. Təbii ki, həmin ölkələr Uzaq Şərqdə Birləşmiş Ştatların forpostu kimi xarakterizə olunur. Ona görə də biz Ermənistanın silahlandırılma prosesini təsadüfi hesab etməməliyik”.

Siyasi şərhçi qeyd edib ki, burada məqsəd sülh danışıqlarına mane olmaqdır və sülh danışıqlarına mane olması üçün Ermənistanın Azərbaycana qarşı qəbul etməyəcəyi təkliflər irəli sürməlidir:

“Bunun üçün isə Ermənistan hərbi-siyasi cəhətdən güclənməli, ona verilən beynəlxalq dəstək artırılmalıdır. Biz bu prosesi müşahidə edirik. Ona görə də Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin Ermənistana etdiyi yardımın həcminin artırılması da bu məqsədə xidmət edir. Kapitulyasiyaya imza atmış Ermənistanın Azərbaycana qarşı dəyişkən mövqedə olması, sülh danışıqları prosesində bir-birini təkzib edən ziddiyyətli açıqlamalarla çıxış etməsinin kökündə məhz bu amil dayanır. Buna görə də biz zaman keçdikcə bu proseslərin intensivləşdiriləcəyini müşahidə edəcəyik. Məqsəd bölgədə sülh danışıqlarına mane olmaq və beləliklə də gərginliyin davam etməsini təmin etmək, nəticədə eskalasiya risklərini saxlamaqdır. Beləliklə də bölgədə öz geosiyasi maraqlarını təmin etməyə çalışan üçüncü qüvvələrin məqsədi “vasitəçi” rolunda, yaxud müxtəlif missiyalar adı altında bölgəyə yerləşməsinə çalışmaqdır. Bu baxımdan Azərbaycan baş verən prosesləri özünə təhdid olaraq görür. Çünki Azərbaycan Ermənistanın silahlandırılmasını sülh danışıqları prosesi fonunda dəyərləndirir. Yəni İrəvanın silahlanma siyasəti Azərbaycanın təhlükəsizliyini təhdid edir”.

“Azərbaycan özünə qarşı təhlükə yaranacağını görərsə, bununla bağlı ciddi addımlar ata bilər və bu ən yüksək səviyyədə bəyan edilib. Ermənistan rəsmiləri bilməlidirlər ki, əgər sülh sazişi geciksə, üçüncü qüvvələr burada hər hansı bir prosesə xidmət edən addımlar atarsa, o zaman ilk növbədə Ermənistanın dövlətçiliyinin mövcudluğu sual altına düşəcək. Çünki Azərbaycan artıq bölgədə geosiyasi reallıqları dəyişib, istər hərbi, istərsə də diplomatik müstəvidə həlledici mövqeyə sahibdir. Bu baxımdan əvvəlki dönəmlərdə olduğu kimi, artıq bölgədə istənilən dövlətin at oynatması mümkünsüzdür. Bu arada biz Rusiyanın da gizli şəkildə Ermənistanı silahlandırdığının şahidi oluruq. Halbuki Rusiya Ukrayna savaşını bəhanə gətirərək Azərbaycana silah satmaqdan imtina etmiş bir dövlətdir. Burada bir çox maraqlı məqamların üzə çıxması ilə mənzərə bizim üçün daha aydın olur. Amma onu da nəzərə almalıyıq ki, Azərbaycan qardaş Türkiyə ilə müttəfiqliyini yüksək səviyyəyə çatdırıb. İki dövlət arasında Şuşa Bəyannaməsi imzalanıb. Bu, çox ciddi və tarixi bir addım idi və indiki baş verən hadisələrdən sığortalanmaq üçün Azərbaycanın mövqelərini gücləndirmək və çəkindirici bir missiya daşıyır. Biz bundan sonra Azərbaycanın istənilən təhdidlərə qarşı immunitetinin çox güclü olduğunu deyə bilərik. Baş verən proseslərin, planların mahiyyəti Azərbaycana bəllidir. Azərbaycanın istər diplomatik, istərsə də hərbi gücü imkan verir ki, bu planları neytrallaşdıra bilsin”.

Rəfiqə NAMAZƏLİYEVA