"Fransa başa düşmür ki, regionun ən güclü aktoru olan Azərbaycanla münasibətləri qorumaq lazımdır" - Kənan Novruzov

“İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıq yaranıb və bu reallığın müəllifi rəsmi Bakıdır. Bu yeni reallıq Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasını, o cümlədən Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasını zərurətə çevirir. Bu, bölgə ilə bağlı maraqları olan bir çox qüvvələri, o cümlədən Fransanı narahat edir. Çünki Fransa regionda təsir imkanlarını artırmaqda qərarlıdır. Bunu istəyir və yaxşı başa düşür ki, regional sabitlik bu imkanın qarşısını alacaq”.

Bunu AzNews.az-a açıqlamasında “Report” İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov deyib.

Siyasi şərhçi bildirib ki, gərginliyin davam etməsi üçün Fransa regionda ən zəif bənd olan Ermənistandan istifadə edir.

“Üç “T” siyasətini reallaşdırır : təsir, təzyiq, təhrik. Əvvəlcə təsir göstərir, sonra isə təzyiq və regional dağıdıcı fəaliyyətə təhrik edir. “Qamçı və kökə” siyasəti ilə şirnikləndirir, silahlandırır, və öz tərəfinə çəkir. Sonra isə öz tapşırıqlarını verib, destruktiv fəaliyyətə cəlb edir. Bu gün Fransanın Ermənistan və Cənubi Qafqazla bağlı yanaşması bundan ibarətdir. Bu da nəticədə Azərbaycanla ziddiyyətlərə gətirib çıxarır. Halbuki itirən Fransa olur. Fransanın bugünkü hakimiyyəti o qədər səriştəsizdir ki, başa düşmür ki, regionda olmaq üçün regionun ən güclü aktoru olan Azərbaycanla münasibətləri qoruyub saxlamaq və inkişaf etdirmək lazımdır. Lakin Fransa bunu istəmir. Fransa əksinə, Azərbaycanla münasibətləri gərginləşdirir, ikitərəfli gərginliyə səbəb olur. Nəticə olaraq özünündə regionda olmaq şanslarını azaldır. Əgər Fransa bu fəaliyyətini davam etdirərsə, perspektivdə ikitərəfli münasibətləri daha da gərginləşdirməklə yanaşı, həm də ümumiyyətlə Fransanın regiondakı mövcudluq imkanlarını sıfıra endirəcək”.

Rəfiqə NAMAZƏLİYEVA