Rəsmi Bakının Kanadaya verəcəyi cavablar və atacağı əks addımlar mövcuddur - Elçin Xalidbəyli

“Kanada ermənipərəst dövlətdir. Bu inkarolunmaz reallıqdır. Hazırda Fransa Ermənistanla bağlı hansı siyasəti yürüdürsə, Kanada da eyni ermənipərəst xətt üzrə davranır. Ona görə də Kanada xarici işlər nazirinin açıqlaması o qədər də gözlənilməz deyil. Eyni zamanda Kanada rəsmi dairələrindən belə əsassız, absurd və məntiqsiz açıqlamaların verilməsi ilk dəfə deyil”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, bundan əvvəl də dəfələrlə Kanada rəsmi dairələri oxşar absurd, məntiqsiz açıqlamalar veriblər.

“Həmçinin Kanada könüllü şəkildə Avropa İttifaqının müşahidə missiyasına qoşulmuş bir ölkədir. Yəni Ermənistanı müdafiə etmək üçün əlindən gələni edən bir ölkədir. Azərbaycanla bağlı problemlərinin nədən ibarət olduğu hələlik bilinmir. Amma bilinən bundan ibarətdir ki, Kanada ermənipərəst mövqeyi tutur. Ancaq Kanada NATO ölkəsi olsa belə, dünya siyasətində Azərbaycana ciddi şəkildə problem yarada biləcək bir ölkədə deyil. Düzdür, BMT-də müəyyən təsiri var, ancaq bu təsiri Azərbaycan öz BMT-dəki tərəfdaşları vasitəsilə zərərsizləşdirə biləcək imkanlara malikdir. Necə ki, indiyə qədər Fransanın Azərbaycan əleyhinə apardığı ermənipərəst siyasəti rəsmi Bakı bloklamağı bacarıbsa, Kanadanın davranışlarına da rəsmi Bakının verəcəyi cavablar və atacağı əks addımlar mövcuddur. Rəsmi Bakı təbii ki, Kanada ilə bağlı siyasətində bütün bunları nəzərə alır. Ona görə də Kanadanın Azərbaycana qarşı ittihamları nə qədər absurd olsa da, Azərbaycan üçün narahat olunacaq ciddi bir situasiyanı yaradacağını düşünmürəm”.

Rəfiqə NAMAZƏLİYEVA