- Müşahidə məntəqəsi
- 3 Oktyabr 15:59
- 5 627
Elçin Xalidbəyli: "Ukraynanın bu niyyətlərinin baş tutacağı qətiyyən inandırıcı görünmür"
“Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell çağırış edib. Deyib ki, Ukrayna Silahlı Qüvvələrinə Rusiya hava limanlarına Qərb silahlarından atəş açmağa icazə verilməlidir.
“Ukraynaya hava limanlarını və Rusiya ərazisindəki obyektləri Qərb silahları ilə hədəfə almağa icazə verilməlidir”.
Belə çağırışlar artmaqdadır, elə Ukraynanın da marağı bundadır”.
“ABŞ və Qərbin Rusiyanın ərazilərinə zərbə endirilməsi ilə bağlı müəyyən qırmızı cizgiləri var. Ağ Evdə bütün bu planlara nəzarət edən strateqlər həmin qırmızı cizgilərin aşılmasında qətiyyən maraqlı deyillər. Çalışdıqları ondan ibarətdir ki, Rusiyanın ərazilərinə zərbə endirilsin, ancaq bu zərbələr daha dərinliklərə, eyni zamanda strateji obyektlərə yönəldilməsin. Çünki belə zərbələr istənilən halda Rusiyanı qıcıqlandıra bilər və son məqamda Rusiyanı Şərqi Avropa ölkələrinə, daha sonra isə ümumiyyətlə, Avropanın NATO üzvü olan bütün ölkələrinə zərbə endirmək məcburiyyətində buraxa bilər. Üstəlik, Rusiyanın dərinliklərinə və strateji obyektlərinə endirilən zərbələr Rusiya daxilində xaosu dərinləşdirə biləcəyindən, Kremlin hansısa mərhələdə yenə də nüvə silahına əl atmaq təhlükəsini ön plana çıxara bilər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Siyasi şərhçi qeyd edib ki, ABŞ-da və eyni zamanda NATO-nun rəhbərliyində bu təhlükələri ciddiyə alırlar.
“Yəni Borrell kimi boğazdan yuxarı danışan və populist davranan siyasətçilərdən fərqli olaraq, Qərbdə atılan bütün addımların qüvvələrini hesablamağa üstünlük verirlər. Ona görə də böyük ehtimalla Ukraynaya, Rusiyanın hava limanlarına, eləcə də Rusiyanın dərinliklərindəki strateji obyektlərə zərbə endirməyə icazə verilməyəcək. Artıq bununla bağlı Zelenskinin Ağ Evə təqdim etdiyi plana Amerika Birləşmiş Ştatlarının rəhbərliyi neqativ cavab verib. Ukraynanın bu niyyətləri, yəni bütün dünyanı Ukrayna savaşının ətrafına cəmləmək üçün göstərdiyi bu cəhdlərin baş tutacağı qətiyyən inandırıcı görünmür. Çünki ABŞ-da NATO-nun rəhbərliyinə daxil olan NATO-da xüsusi söz sahibi olan ölkələrin əksəriyyəti Rusiya ilə birbaşa müharibə situasiyasında maraqlı deyillər. Eyni zamanda bəzi Qərb ölkələri də Rusiyanın dərinliklərinə zərbə endirilməsinə etiraz edirlər və buna razılıq verilməsini yolverilməz hesab edirlər. Bu baxımdan bu, Josep Borrell kimi populist şəxslərin çağırışları sadəcə şəxsi piarı üçün nəzərdə tutulmuş, həmçinin Avropa ictimai rəyinin yoxlanılmasına yönəlik çağırışlar kimi də dəyərləndirilə bilər. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə baş verən hadisələr kollektiv Qərbin qüvvələrini parçalaya bilər. Çünki indi əsas diqqət Yaxın Şərqə yönəlməyə başlayıb. Əgər Yaxın Şərqdəki hərbi münaqişə öz arealını indikindən daha çox genişləndirərək qlobal savaş təhlükəsi yaradarsa, o halda Ukrayna savaşı istər-istəməz ikinci plana keçmiş olacaq və Ukrayna savaşının ikinci plana keçməsi də Rusiyanın maraqlarına tamamilə cavab verir. Rusiya bu halda Ukrayna ilə daha rahat baş edə biləcəyini düşünür və son vaxtlar Rusiyanın atdığı addımlar məhz Yaxın Şərqdə münaqişənin qlobal xarakter almasında maraqlı olduğunu göstərir”.
Rəfiqə NAMAZƏLİYEVA