"Zəngəzur dəhlizində qlobal güclərin maraqları toqquşub, problem Ermənistan-Azərbaycan arasında deyil" - Azad Məsiyev

“Zəngəzur dəhlizi ilə bağlı məsələdə İran və ABŞ-ın maraqlarının üst-üstə düşməsi ilə bağlı fikirlər səsləndirilir. Belə ki, Qərb bu yolun Rusiyanın nəzarətinə keçməsini istəmir, İran da yola yalnız Ermənistanın nəzarət etməsinə çalışır”.

“Zəngəzur dəhlizi məsələsi 10 noyabr sazişi ilə gündəmə gələn bir məsələdir. Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı sənədə görə, Ermənistanla Azərbaycan arasında nəqliyyat infrastrukturunun açılması və Naxçıvanla əlaqənin bərpa edilməsi ilə əlaqədar dövlət başçıları öhdəlik götürdü”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Siyasi şərhçi qeyd edib ki, Birləşmiş Ştatların təkidi ilə Ermənistan dəhlizin açılması məsələsini uzadır və maneçilik törədir.

“Xüsusilə də Rusiyanın o dəhlizə nəzarət etməsini gündəmdən çıxartmaqdadır. Məsələ burasındadır ki, Birləşmiş Ştatlar Ermənistan üzərindən Orta Dəhlizin bir qolu olan Zəngəzur dəhlizinə nəzarət etmək istəyir. Mətbuatda da, ictimaiyyətdə də belə bir fikir var ki, guya İranla Birləşmiş Ştatlar arasında bir razılıq var. Bu fikri qəbul edə bilmərəm. Çünki Birləşmiş Ştatlar İranı düşmən elan edib və İrana beynəlxalq sanksiyanın tətbiq edilməsini həyata keçirir. Eyni zamanda müəyyən təxribatlar yolu ilə İranı münaqişəyə cəlb etmək istəyir. Zəngəzur dəhlizi məsələsində İranla Birləşmiş Ştatlar arasında heç vaxt ortaq bir variant ola bilməz. Sadəcə İran çalışır ki, Orta Dəhlizin bir qolu İran üzərindən, yəni Araz dəhlizi vasitəsilə həyata keçirilsin. Həm Azərbaycan, həm də beynəlxalq koridor statusu olan Araz dəhlizi İranın həm siyasi, həm də iqtisadi rıçaqlara malik olsun. Bu dəhlizin İran üzərindən keçməsində maraqlıdır. Zəngəzur dəhlizinin İrana heç bir aidiyyatı yoxdur. Sadəcə, İran hər vəchlə çalışır ki, Zəngəzur dəhlizi yox, Araz dəhlizi layihəsini həyata keçirsin. Bu da İranın özünün dövlət və milli maraqlarından irəli gələn bir məsələdir. Ancaq Zəngəzur dəhlizinin açılmasında, İranla Amerikanın maraqlarının üst-üstə düşməsinə mən heç cür inana bilmirəm. İkinci də Amerikanın Zəngəzur dəhlizinə nəzarət etməyindənsə, Rusiyanın nəzarət etməsi İran üçün daha məqbul sayıla bilər”.

“Bu dəhlizin açılması ilə, İranla Ermənistan arasında sərhədlərin bağlanması və ya hansısa bir problem yaranması qeyri-mümkündür. 1956-cı ildən bəri Zəngəzur dəhlizində olan dəmir yolu infrastrukturu Azərbaycanın mülkiyyətində, balansında olan bir nəqliyyat infrastrukturu olub. Ümumilikdə Zəngəzur dəhlizi tarixi baxımdan, SSRİ dövründəki hüquqi sənədlərə görə Azərbaycanın mülkiyyətidir. İndiki yaranmış geosiyasi vəziyyətə görə Zəngəzur dəhlizində qlobal güclərin maraqları toqquşub. Burada problem Ermənistan-Azərbaycan arasında deyil”.

A.Məsiyev sonda qeyd edib ki, Rusiya ilə Birləşmiş Ştatlar arasında geosiyasi savaşın tərkib hissəsi kimi Zəngəzur dəhlizi gündəmə çıxıb.

“İstənilən halda Zəngəzur dəhlizi Rusiyanın strateji marağının tərkib hissəsidir. Çünki Rusiyanın Cənubi Qafqazda varlığı Zəngəzur dəhlizinə nəzarət etməklə gündəmdə qala bilər. Əks təqdirdə Cənubi Qafqazda nüfuzunu itirəcəkdir. Təbii ki, Birləşmiş Ştatlar hər vəchlə Ermənistan hakimiyyətinə təzyiq edir ki, Rusiyanın Ermənistanda nüfuzunu zəifləsin. Xüsusilə də Zəngəzur dəhlizi məsələsində həmin koridora Rusiya nəzarət etməsin. Amma bizim üçün də maraqlı tərəfi odur ki, Zəngəzur dəhlizi açılarsa, Ermənistan- Azərbaycan arasında nəqliyyat infrastrukturu açılsa, o cümlədən də Azərbaycanın Naxçıvanla əlaqəsinin yaranması heç bir problem olmadan, yəni yüklərinə nəzarət edilmədən vətəndaşların təhlükəsizliyinə zəmanət verilməlidir. Çünki Ermənistan- Azərbaycan arasında sülh sazişi imzalanmayıb. Ermənistan Azərbaycan vətəndaşlarının təhlükəsizliyə həmin bölgədə zəmanət verə bilməz. Ona görə də bizim üçün vətəndaşlarımızın təhlükəsiz qaydada toxunulmadan Naxçıvan bölgəsinə getməsi və gəlməsi üçün zəmanət verən qüvvə olmalıdır”.

Rəfiqə NAMAZƏLİYEVA

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə ictimai və dövlət maraqlarının müdafiəsi sahəsi üzrə hazırlanmışdır.