Qərb standartları

Az qala elmi və nəzəriyyəni əvəz edən, habelə peşəkarlığın əhəmiyyətini kifayət qədər arxa planda saxlamağı bacaran sərhədsiz internet və sosial şəbəkələr sayəsində indi hər kəs “mütəxəssis” və “siyasi ekspertə” çevrilib. Vəziyyət o dərəcəyə çatıb ki, hətta sarkazm və lağlağı belə bəzən analitik təhlil qabiliyyəti kimi təqdim olunur. Əslində dünyada bu cür mühitin yaradılması qlobal güclərin geostrategiyalarının bilavasitə davamıdır. Çünki mövcud vəziyyət inkişaf etdiyi təqdirdə dərin analitika defisitli “məhsula” çevrilir, Qərb isə həmin “məhsulun” mütləq inhisarçısı olur. Təsadüfi deyil ki, Qərb hətta analitikanın standartlarını belə müəyyən etmək iddiasındadır. Müəyyən mənada bu məsələdə bizlərin də səhvləri az deyil. “Qərb standartları” ifadəsi uzun illər ərzində bizim ictimai şüurumuza o qədər dərin yeridilib ki, sanki bu “standartlardan” kənar nə varsa, hamısı dünyanı uçuruma aparır. Halbuki ölkələri təsir altına salmaq üçün münaqişələrdən alət kimi istifadə olunmasının da müəllifi məhz Qərbdir. Dünyada son dövrdə baş verən hadisələr qeyd olunan təsbitin sübutudur.

Bu fikirlər politoloq Asif Adilin “Qərb standartları” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Tənqidləri qabaqlamaq üçün prinsipial olaraq xüsusilə qeyd etməliyik ki, mövcud yanaşma əsla Qərbə qarşı olan mövqeyin təzahürü deyil. Kiməsə qarşı olmaq Qərbin geosiyasətinin torlarına düşmək deməkdir. Tam əksinə, yuxarıda təsvir etdiyimiz yanaşma məsuliyyətli vətəndaşın müstəqilliyə, mütləq suverenliyə və aid olduğu xalqın zəngin tarixinə hörmətin təzahürüdür.

Sirr deyil ki, təbii resursların tükəndiyi müasir dünyada ölkələr arasında total rəqabət mühiti hökm sürür. Artıq o da hər kəsə aydındır ki, müşahidə olunan bu total rəqabət mühiti dünyanı “yeyir” və müstəqil ölkələrin mütləq suverenliyini tükəndirir. Təbii sərvətlər məhdudlaşdıqca ölkələr arasındakı münasibətlər daha da sərtləşir, beynəlxalq təşkilatlar tərəfindən “ikili standartlar” siyasətinin tətbiq olunması məsələsi daha da adiləşir.

Qeyd olunanlar müstəvisində deyə bilərik ki, 30 il ərzində kağız üzərində qalmış beynəlxalq təşkilatların müvafiq qətnamələri Azərbaycan dövləti, Azərbaycan xalqı üçün böyük dərsdir və bu ağır dərsdən düzgün nəticələr çıxarılmalıdır. Dünya üçün münasibətlərin standartlarını müəyyən etmək iddiasında olan beynəlxalq təşkilatlar, ilk növbədə, müstəqil ölkələrin suverenliyinə şərtsiz olaraq hörmət etməyi bacarmalıdırlar. Yalnız bu halda həmin təşkilatlar obyektiv arbitr roluna iddialı ola bilərlər. Ölkələr arasında funksional körpü rolunu çoxdan unudan bu təşkilatlar münasibətləri idarə etmək və müstəqil ölkələrin daxili siyasətinə təsir etmək iddiasındadırlar.

Əlbəttə ki, bu cür qərəzli siyasət yalnız müxtəlif manipulyasiyalar vasitəsilə həyata keçirilə bilər. AŞPA-nın sonuncu siyasi simulyasiyaları da məhz təzyiq siyasətinin təzahürüdür. AŞPA üzvü və Azərbaycan üzrə məruzəçi Lise Christoffersenin növbəti sözlərinə diqqət yetirin: "Bir neçə siyasi məhbusu azad etmək kifayət deyil... Siyasi partiyalar, QHT-lər və media ilə bağlı məhdudlaşdırıcı qanunları dəyişdirmək üçün məcburi bir fəaliyyət planı hazırlanmalıdır".

Birincisi, hər bir vətəndaş obyektivliyi qorumaq və manipulyasiya torlarına düşməmək üçün bilməlidir ki, “siyasi məhbus” ifadəsi olduqca nisbidir, onun məzmunu isə müxtəlif interpretasiyalar üçün açıqdır. Bu səbəbdən də müxtəlif qanun pozuntularına görə məhkum olunmuş istənilən şəxs çox rahat şəkildə ictimaiyyətə, o cümlədən beynəlxalq ictimaiyyətə “siyasi məhbus” kimi təqdim oluna bilər. Beynəlxalq qanunvericilikdə mövcud məsələdə olan boşluqlar konkret ölkəyə qarşı müxtəlif spekulyasiyalar üçün istifadə olunur. Problemi daha aydın təsəvvür etmək üçün kiçik bir müqayisə aparaq. Qərb təklif edir ki, əlində qumbara olan şəxslər binaya daxil olarkən saxlanıla bilməz, çünki qumbara partlamadan həmin şəxslərin niyyəti bəlli deyil. Axı, qumbara partlayandan sonra gec olacaq? Bəs həmin şəxsləri şərti “qumbara” ilə təmin edən təsadüfən Qərb deyilmi? Prezident İlham Əliyev öz çıxışlarında bəhs etdiyi ideoloji təhlükələr həmin “qumbaralar” deyilmi?

İkincisi, onsuz da kökündən qərəzli olan: “Bir neçə siyasi məhbusu azad etmək kifayət deyil” ifadənin məzmunu ona işarə edir ki, Qərb istədiyi kimi “siyasi məhbus” siyahısını sonsuza qədər artıra bilər və bu siyahını siyasi alver aləti kimi istifadə edəcəkdir. Başqa sözlə, siyasi məhbus “məsələləri” Qərb üçün artıq şantaj predmetinə çevrilib. Bəs həmin beynəlxalq təşkilatların tribunalarından bu günə qədər belə bir sual verilibmi ki, onların ölkələrində neçə siyasi məhbus saxlanılır?” Cavab olaraq əsla deyə bilməzlər ki, onlarda siyasi məhbus yoxdur. Çünki biz Qərbin müxtəlif ölkələrində küçələrə çıxan nümayişçilərə qarşı zor tətbiq etməklə həbs olunmasına dəfələrlə şahidlik etmişik.

Lise Christoffersen sözləri, eyni zamanda, Qərbin “qarın ağrısının” əsl səbəbini də ifşa edir: “Siyasi partiyalar, QHT-lər və media ilə bağlı məhdudlaşdırıcı qanunları dəyişdirmək üçün məcburi bir fəaliyyət planı hazırlanmalıdır". Deməli, Qərb anlamağa başlayır ki, Azərbaycanda aparılan sistemli islahatlar və təşviq olunan siyasi dialoq mühiti sayəsində dünənə qədər manipulyasiya aləti kimi rahat istifadə etdikləri siyasi partiya və QHT-ləri artıq itirirlər...

Əldə etdiyimiz mütləq suverenliyi göz bəbəyi kimi qorumalı, kimlərinsə “kirli” manipulyasiyalarına alət kimi istifadə olunmağımıza imkan verməməliyik.