Oqtay Qasımov: "Bu risklərin öhdəsindən gəlmək üçün quru sərhədlər bağlı saxlanılmalıdır"

“İran-İsrail gərginliyi Azərbaycanda quru sərhədlərin bağlı qalması məsələsini növbəti dəfə gündəmə gətirib. Bildirilir ki, Azərbaycan dövlətində xüsusi məlumatlar olduğu üçün sərhədlər hələ də açılmır. Buna regionda gedən müharibələr səbəbindən köç ehtimalı və təhlükəsizlik məsələsi daxildir”.

“Əlbəttə ki, pandemiyadan sonra Azərbaycanda quru sərhədlərin bağlı qalması cəmiyyətdə müxtəlif müzakirələrə yol açsa da, dövlət başçısı səviyyəsində qeyd olundu ki, bu addım sırf təhlükəsizliklə bağlı məsələlər baxımından atılıb. Bu gün dünyada baş verən proseslərə diqqət etdiyimiz də bunun kifayət qədər doğru addım olduğu qənaətinə gəlirik. Belə ki, hazırda dünyada və regionumuzda kifayət qədər ciddi problemlər var və gərginlik ən yüksək səviyyədədir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, həm şimalımızda, həm də bizə yaxın qonşu regionlarda savaşlar getməkdədir ki, bu da region üçün müəyyən risklər yaratmaqdadır.

“Məhz bu risklərin öhdəsindən gəlmək və ölkənin təhlükəsizliyini təmin etmək üçün atılmalı addımlardan biri də quru sərhədlərin bağlı saxlanmasıdır. O ki qaldı İsrail-İran gərginliyi və savaş çıxacağı halda, ölkəmizə köç dalğasının olması ilə bağlı təbii ki, Azərbaycan İsraillə İran arasında hansısa bir gərginliyin və savaşın olmasında maraqlı deyil. Çünki əgər belə bir hadisə baş verərsə, bu bizim sərhədlərimizin yaxınlığında baş verəcək. İstər-istəməz bu hadisələrin ölkəmizə də mənfi yöndən təsiri qaçılmazdır. Nəzərə alsaq ki, İranda bizim 40 milyona yaxın soydaşımız yaşamaqdadır və onlar da bu proseslərdən təsirlənə bilər. Öz yerlərini tərk etmək məcburiyyətində qala bilərlər ki, bu da ən arzuolunmaz ssenaridir. Təbii ki, Azərbaycan dövləti hesab edirəm ki, bütün variantları hesablayaraq bu cür addımlar atmaqdadır”.

Rəfiqə NAMAZƏLİYEVA