Fransanın indiki iqtisadi mühiti islamofobiyanı dəstəkləyir - Əziz Əlibəyli

“Fransa siyasətinin dramatik səhnələrindən biri yenidən diqqət mərkəzinə çevrilib: parlament hökumətə etimadsızlıq təklifini rədd etdi. Bu qərar zahirən Makron hökuməti üçün qələbə kimi görünsə də, əslində, dərin və potensial təlatümlərlə dolu bir dalğanı da özündə ehtiva edir. Fransa üçün bu, həm daxili sabitlik, həm də qlobal nüfuz üçün əsl imtahana çevrilir”.

“Hökumətin bütövlükdə parlamentdən dəstək ala bilməməsi idarəetmədə ciddi ziddiyyətlər yaradır. Həm də nəzərə alsaq ki, Marine Le Penin rəhbərlik etdiyi solçuların qalib gəlməsi an məsələsi idi. Bununla yanaşı, hətta faşist dalğasının artması da Fransanın digər problemidir və irqçilik özünün üst səviyyəsinə çatır”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

O bildirib ki, Fransanın indiki iqtisadi mühiti yeni dalğalanmalar yaradır və islamofobiyanı da dəstəkləyir.

“Bu, siyasi ifadədə dövlət idarə olunmasında dərhal özünü göstərir. Makron ənənəvi qaydada 2019-cu ildən sonra qarşılaşdığı bütün ciddi sosial, iqtisadi və siyasi problemlər qarşısında hökumətin buraxılmasını həyata keçirir. Onun hakimiyyəti dövründə dördüncü ya beşinci dəfədir ki, baş nazir dəyişikliyi olur. Bu bir növ qurban vermə metodologiyasına əsaslanıb və onun hakimiyyətini sığortalayır. Şübhə yoxdur ki, indiki vəziyyətdə hökumətinin böhranda olduğunun göstəricisidir. O mənada ki, idarəetmədə vahid, standart, yekdil fikir olmur, ictimai rəyi, dəstəyi itirir. Bu, xüsusilə də müəyyən qərarların qəbulunda Fransa Senatının nə dərəcədə problem qarşısında qaldığını göstərir”.

Rəfiqə NAMAZƏLİYEVA