Sülh sazişi imzalamaq üçün Ermənistanın nə iradəsini, nə qətiyyətini ortada görürük - Siyasi şərhçi

“Ermənistanın Baş naziri Nikol Paşinyanın MDB dövlət başçılarının iclası çərçivəsində verdiyi açıqlamalar müzakirələrə səbəb olub. Baş nazir Moskvada jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanla sülh müqaviləsini oktyabr ayı bitənə kimi imzalamağa hazır olduğunu deyib. Paşinyan Azərbaycanın ərazi bütövlüyünün tanınmasının Ermənistan Konstitusiyasına uyğun olduğunu bildirib”.

“Ermənistanın bu məsələdə səmimiyyətinə inanmıram. Üstəlik, Paşinyanın bu cür açıqlamalarını artıq ciddi də qəbul etmirəm. Yaxın günlərdən sonra zatən oktyabr ayı başa çatır. Ancaq biz sülh sazişi imzalamaq üçün Ermənistanın nə iradəsini, nə qətiyyətini ortada görmürük”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

O qeyd edib ki, Ermənistanın dedikləri yalnız sözdən ibarətdir və bu söz oyunu ilə Azərbaycan əleyhinə beynəlxalq aləmdə kampaniya təşkil etməyə çalışır.

“Sanki onlar sülhsevərdilər, sülh istəyirlər, biz isə bunu istəmirik. Ona görə də bu fikirlərin real, əməli çalışmadan daha çox demaqogiya olduğunu güman edirəm. Ermənistan nə zaman ki, demaqogiyadan xilas olub, real olaraq addım atmaq istəyəcək, o zaman sülh sazişini imzalamaq mümkün olacaq. Lakin belə bir iradəni Ermənistanda görməkdə çətinlik çəkirik”.

Rəfiqə NAMAZƏLİYEVA