Azərbaycanla Ermənistan arasında 2024-cü ildə sülh müqaviləsinin bağlanması real deyil - Oqtay Qasımov

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması hazırkı şəraitdə problematik görünür. Bütün optimist söyləntilərə baxmayaraq, 2024-cü ildə sülh müqaviləsinin bağlanması real deyil. Çünki bunun əsas səbəbi ondan ibarətdir ki, Ermənistan bu prosesin uzanmasında maraqlıdır və sülh müqaviləsinə mane olan əngəlləri aradan qaldırmaq niyyətində deyil. Söhbət daha çox Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı yer alan ərazi iddialarının qalması ilə bağlıdır. Ermənistan heç bir halda bunun dəyişdirilməsi və ləğvi ilə bağlı konkret addımlar atmır. Nəzəri baxımdan sülh müqaviləsinin mümkündür”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, sülh müqaviləsinin imzalanması hələlik Azərbaycanla Ermənistan arasında bütün məsələlərin və problemlərin həll olunması demək deyil.

“Çünki iki ölkə arasında ən azı son 35 -36 ildə düşmənçilik kifayət qədər dərinə işləyib. Ermənistanın işğalçılıq siyasəti, o cümlədən azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və Xocalı soyqırımı kimi hadisələr təbii ki, Azərbaycan insanların yaddaşında qalmaqdadır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Ermənistan cəmiyyəti son 200 ildə türkəfob və islamofob zehniyyətlə xəstələnmiş bir cəmiyyətdir. Bu, artıq xəstəliyə çevrilib və orta statistik erməni azərbaycanlını, yaxud Türkiyə vətəndaşını özünün potensial düşməni hesab edir. Bu baxımdan sülh müqaviləsi imzalanandan sonra uzun müddət tərəflər arasında inamın bərpa edilməsi və münasibətlərin inkişafından danışmaq hələ erkəndir. Çünki hərtərəfli inama, inamın bərpa edilməsi üçün uzun zamana ehtiyac var. Bunun üçün xüsusilə də Ermənistanın üzərinə böyük vəzifələr düşür. Ən azı erməni cəmiyyəti qeyd etdiyimiz faşist zehniyyətdən uzaqlaşmalıdır. Bu da yaxın və orta gələcəkdə hələlik real görünmür. Faşist zehniyyətin, faşist siyasətin bir müalicə yolu var, o da ağır zərbələr endirilməsidir. Doğrudur, Ermənistan faşist zehniyyətinin əsas onurğa sütunu olan erməni ordusu 44 günlük savaş və ardınca antiterror əməliyyatlarında darmadağın edilərək ağır zərbə vurulsa da, amma orta statistik erməninin beynində hələ də bu xülyalar qalmaqdadır”.

“Sülh müqaviləsi imzalanandan sonra düşünürəm ki, münasibətlərin normallaşması üçün əngəl olan əsas məsələlərdən biri də məhz Ermənistanın bu günə qədər davam etdirdiyi riyakarlıqdır. Belə ki, Ermənistan ən azı bu etimad mühitinin yaradılması üçün öz üzərinə düşən bir sıra addımları atmalıdır. Bu, yalnız sülh müqaviləsi ilə bağlı deyil, eyni zamanda, həm də etimadın yaradılması məsələsidir. Belə ki, Ermənistan Birinci Qarabağ savaşından sonra taleyi məlum olmayan, itkin düşmüş dörd minə yaxın Azərbaycan vətəndaşı ilə bağlı məlumatları Azərbaycana təqdim etməlidir ki, bunu etmir. Bu da Ermənistan dövlətinin hansı siyasəti apardığının bir nümunəsidir. Bundan başqa, artıq Azərbaycanla Ermənistan savaşı bitirdikdən sonra vaxtilə işğal altında saxlanılmış ərazilərdə Ermənistan tərəfindən 1 milyon yarımdan artıq mina basdırılıb və Ermənistan həmin minalanmış sahələrin dəqiq xəritələrini təqdim etməlidir ki, tərəflər arasında etimad mühiti yaransın. Bunlar olarsa, təbii ki, etimad mühitinin yaradılması daha sürətlə gedə bilər. Gələcəkdə tam mənasında ikitərəfli münasibətlərin inkişafı üçün bu, olduqca vacib məqamdır”.

O. Qasımov sonda vurğulayıb ki, gələcəkdə Ermənistanla sülh müqaviləsi imzalanarsa və Ermənistan qeyd etdiyimiz kimi konstitusiyasındakı qanunvericilik aktlarındakı ərazi iddialarını da çıxarar, ləğv edərsə, Azərbaycanda gələcəkdəki hərtərəfli münasibətlərin inkişafı üçün Ermənistanın kommunikasiyaların açılması ilə bağlı birgə addımlar atıla bilər:

“Zəngəzur dəhlizinin açılmasının ardınca Azərbaycan da öz ərazilərindən Ermənistanın yüklərinin daşınmasına imkan yarada bilər. Kommunikasiyaların istifadəsinə imkan verə bilər ki, bu da Ermənistan üçün olduqca ciddi əhəmiyyət daşıyır. Belə ki, kommunikasiyaların açıldığı halda Ermənistan öz yüklərini həm İran, həm Gürcüstan, həm də Rusiyaya daha asan yollarla daşıya bilər. Kommunikasiyaların açılması Ermənistana həm də imkan verər ki, Türkiyə ilə sərhədləri açılsın və Ermənistanın da iqtisadi cəhətdən inkişafına ciddi təkan verilmiş olsun, həmçinin Türkiyə üzərindən Avropaya açılsın. Bundan başqa, Azərbaycan Ermənistana gələcəkdə bəzi regional və qlobal layihələrdə iştirakına şərait yarada bilər. Xüsusilə də qeyd etdiyimiz kimi, Ermənistan əgər Zəngəzur dəhlizini açarsa və gələcək üçün dayanıqlı və sabit vəziyyətə təminat verilən sülh müqaviləsi imzalanacaqsa, o zaman Azərbaycan Zəngəzur dəhlizi ilə paralel avtomobil yolunun çəkilişinin həyata keçirilməsində Ermənistana yardım edə bilər. Həmin ərazidən digər kommunikasiya xətləri də keçə bilər ki, Ermənistan bundan faydalana bilər. Bu neft kəməri, xüsusilə də qaz, o cümlədən elektrik enerjisi xətlərinin keçirilməsi məsələsi gündəmdə ola bilər. Azərbaycan bu imkanları Ermənistana tanıya bilər. Eyni zamanda, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iki il öncə imzaladıqları yaşıl enerjinin Avropaya ötürülməsi ilə bağlı beynəlxalq layihədə Ermənistanın da iştirakına icazə verə bilər. Bu məsələlər təbii ki, sülh müqaviləsi imzalanandan sonra atıla bilən addımların bir hissəsidir ki, bu addımların atılması da gələcəkdə daha etimadlı bir mühitin yaranmasına gətirib çıxara bilər”.

Rəfiqə NAMAZƏLİYEVA