Ərdoğanın verdiyi açıqlamalarda Qərbə açıq mesajlar var - Elçin Xalidbəyli

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konfransda çıxışı zamanı deyib ki, Yaxın Şərqdəki müharibə Türkiyəyə yaxınlaşır. Onun sözlərinə görə, müharibə yaxın zamanda dayanmayacağı təqdirdə daha da genişlənə bilər”.

“Təbii ki, Türkiyənin birbaşa bağlı olduğu və yaxud da daha dəqiq desək, Türkiyənin qonşu olduğu bir regionda hərbi münaqişənin alovlanması Türkiyənin milli təhlükəsizlik maraqlarına ciddi problemdir. Ona görə də Türkiyənin Yaxın Şərqdə baş verən hadisələrdən narahat olması tamamilə başa düşüləndir. Rəcəb Tayyib Ərdoğanın son zamanlar verdiyi açıqlamalarda bu savaşın dayandırılmasına yönəlik mesajlar daha çox ön planda yer alır. Eyni zamanda rəsmi Ankara açıq şəkildə mesaj verir ki, Yaxın Şərq münaqişəsinin törədə biləcəyi ilə bağlı Türkiyə ehtiyat tədbirləri görməkdə və hər bir hər hansı xoşagəlməz situasiyaya indidən hazırlaşmaqda davam edir. Bu da Türkiyənin böyük dövlət olduğunu və istənilən situasiyalara hazır olmaq instinktinin, reaksiyasının olduğunu göstərir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi bildirib ki, müşahidələr onu göstərir ki, Türkiyə Yaxın Şərq münaqişəsinə birbaşa müdaxilə etmək niyyətində deyil.

“Rəsmi Ankara əsasən Fələstini müdafiə etməklə, yəni Yaxın Şərq münaqişəsinin dayandırılmasına yönəlik çağırışlar etməklə bu prosesə müdaxilə edir. Amma birbaşa hərbi müdaxilə məsələsində rəsmi Ankara maksimum səviyyədə ehtiyatlı davranır və Yaxın Şərq münaqişəsində Türkiyənin birbaşa iştirakında həvəssiz deyil. Mümkün qədər belə bir təhlükədən yayınmağa çalışır və tamamilə haqlıdır. Türkiyəni indiki situasiyada olduqca ağır və təhlükəli, sonu hara gedəcəyi məlum olmayan bir münaqişənin içərisinə salmaq hazırda rəsmi Ankara üçün arzuolunmaz bir situasiya olardı. Xüsusilə də onu nəzərə almaq lazımdır ki, Yaxın Şərq münaqişəsi NATO daxilində, eləcə də kollektiv Qərb daxilində kifayət qədər ziddiyyətlər yaradır. Bu ziddiyyətlərdə də NATO ölkəsi kimi Türkiyənin əks tərəfdə, yəni Fələstini dəstəkləyənlər tərəfində yer alması kifayət qədər fərqli mövqenin ortaya qoyulduğunu göstərir. Rəsmi Ankaranın, xüsusilə də prezident Ərdoğanın verdiyi açıqlamalarda Qərbə açıq mesajlar var. Həmin mesajların əsas hissəsi Yaxın Şərq münaqişəsinə münasibətdə kollektiv Qərbin beynəlxalq hüquq normaları çərçivəsində davranmadığının qabardılması müşahidə olunur. Ümumiyyətlə, rəsmi Ankaranın Yaxın Şərq münaqişəsinə münasibətdə mövqeyi beynəlxalq hüquq normaları çərçivəsindədir və bölgənin sülhə, sabitliyə doğru yönəldilməsinə hesablanmış mesajlardır. Xüsusilə də Türkiyəni narahat edən əsas məsələlərdən biri ondan ibarətdir ki, hazırda hərbi əməliyyatlar Livan və Suriya ərazilərinə sıçrayıb. Yəni Yaxın Şərq münaqişəsi öz arealını genişləndirməkdə davam edir və prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, hansısa mərhələdə bu savaşın əhatə dairəsi Türkiyə sərhədlərinə qədər genişlənə bilər. Ona görə də Türkiyə öz sərhədləri, çevrəsində, ətrafında hər hansı bir hərbi münaqişə istəmədiyinə görə, xüsusilə də PKK terroru ilə mübarizə apardığı bir şəraitdə ikinci belə bir hərbi silahlı təhlükənin yaranması Türkiyənin milli təhlükəsizliyi üçün böyük təhlükə sayılır. Bu səbəbdən də Türkiyə özünü qorumaq istiqamətində addımlar atmağa daha çox üstünlük verir”.

Rəfiqə NAMAZƏLİYEVA