"Rusiya-Ukrayna müharibəsində sülh müqaviləsi yaxın gələcəkdə qəti şəkildə gözlənilmir" - Zeynal Əmrəliyev

“Son günlər Rusiya-Ukrayna cəbhəsində aktivlik müşahidə olunur. Moskvanın Kursk istiqamətində çox sayda canlı qüvvə və texnika cəlb etdiyi bildirilir. Bəzi iddialara görə, Ukrayna Prezidenti Volodimir Zelenski Qərbi müharibəyə sürükləməyə çalışır. Son olaraq təqdim etdiyi “Qələbə planı”ndan sonra bu iddialar daha da güclənib. Həmçinin Qərbin Kiyevi sonu görünməyən müharibənin ortasına atdığı fikrini müdafiə edənlər də az deyil”.

“Hazırda Rusiya- Ukrayna cəbhəsində çox gərgin vəziyyət hökm sürür. Sülhə demək olar ki, hər iki tərəf uzaqdır. Yəni hər iki tərəfin özünəməxsus planları var. İstər Moskvanın, istərsə də Kiyevin müharibəni udmaq üçün hər iki tərəf üstünlük əldə etməyə çalışır. Ümumiyyətlə, yaxın illər ərzində də sülh barəsində danışmaq zənnimcə düzgün deyil. Uzağı atəşkəs müqaviləsi imzalana bilər və bunun fonunda müharibə dondurulmuş şəkildə davam edə bilər. Sülh barəsində danışmaq hələki tezdir. Çünki iki tərəf də güzəştə hazır deyil”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Siyasi şərhçi qeyd edib ki, sülhün əldə olunması üçün həm Kiyev, həm də Moskva tərəfdən güzəştlər edilməlidir.

“Zelenski administrasiyası Ukraynanın Kursk əməliyyatını hər nə qədər effektiv hesab etsə də, Rusiya son zamanlar bu cəbhədə üstünlüyü ələ keçirməyə çalışır. Uğurlu şəkildə əməliyyatlar həyata keçirir. Eyni zamanda Şimali Koreyadan da Rusiyaya təxminən 10-12 min civarında dəstəyin gəldiyi barəsində fikirlər səsləndirilib. Bu barədə dəqiq rəqəmlər yoxdur. Çünki göndərilən hərbi kontingent rəsmi şəkildə göndərilmir. Həm də Şimali Koreya rejiminin qapalılığını, məlumat paylaşımı olmadığını nəzərə alsaq, onların hansı cəbhədə istifadə olunduğunun və sayının nə qədər olduğunu biz bilmirik. Bu barədə məlumatlar yoxdur. Qərbin əsas istəyi müharibənin davam etdirilməsi və Rusiyanın resurslarının tükənməsidir. Onsuz da müharibə başlananda elə əsasən Rusiyanın resurslarının, ehtiyatının tükədilməsi üçün daha çox nəzərdə tutulmuşdu. Təəssüf ki, Ukraynadan bu məqsəd üçün istifadə etdilər. Hazırda Ukraynaya göndərilən silahlar da bir o qədər effektiv deyil. Həmin silahlar Rusiyanın hücumunun qarşısını almağa bir o qədər kömək etmir. Düzdür, müəyyən ərazilərdə Ukrayna ara-sıra uğurlar qazanır. Ancaq bu nisbidir. Biz daha çox Rusiyanın irəlilədiyinin şahidi oluruq. Sülh müqaviləsinin imzalanması yaxın gələcəkdə demək olar ki, qəti şəkildə gözlənilmir”.

Rəfiqə NAMAZƏLİYEVA