"Hərbi vəzifəlilərin xüsusi təlimlərə cəlb olunması ilə bağlı hər hansı bir narahatçılığa səbəb yoxdur" - hərbi ekspert

“Azərbaycanın mövcud qanunvericiliyinə görə, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Sözügedən məsələ "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 45-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra hərbi toplanışlar mütəmadi olaraq keçirilir. Ancaq bəzən insanlar arasında bu toplanışlar narahatlıq yaradır və yeni müharibə ilə bağlı iddialara səbəb olur”.

“Hərbi vəzifəlilərin toplanışlara və xüsusi təlimlərə cəlb olunması ilə bağlı hər hansı bir narahatçılığa səbəb yoxdur. Çünki həmin bu təlimlər müvafiq qanuna uyğun olaraq həyata keçirilir. İkinci Qarabağ müharibəsindən öncə də məhz belə təlimlərin keçirilməsi qanunda olsa da, ancaq bir çox obyektiv və subyektiv səbəblərdən biz mütəmadi şəkildə bu prosesləri müşahidə etmirdik. İkinci Qarabağ müharibəsi dönəmində sözügedən məsələnin nə qədər vacib olduğu göründü”.

Bu fikirləri AzNews.az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

Hərbi ekspert qeyd edib ki, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra məhz hərbi vəzifəlilərin toplanışlara və xüsusi təlimlərə cəlb olunması ilə bağlı zəruri tədbirlər həyata keçirilir.

“Keçirilən tədbir və toplanışlarla bağlı həmin hərbi vəzifəli şəxsin həqiqi hərbi xidmətdə olduğu dövrdə hansı qoşun növündə xidmət etməyi ilə əlaqəli olaraq məhz toplanışlarda da bacarıqların təkmilləşdirilməsi, həmçinin yeni bacarıqlara yiyələnməsi, xüsusilə də bu sahədə peşəkarlığının artırılması həyata keçirilir. Qeyd etməliyik ki, analoji proseslər məhz dünyanın bir çox inkişaf etmiş ölkələrində də tətbiq edilir. Bu da o mənaya gəlir ki, müasir çağdaş dövrün tələbinə uyğun olaraq məhz hərbi xidmət keçmiş hərbi vəzifəlilərin məhz bu istiqamətdə daim öz biliklərinin və təcrübəsinin yeni dövrün tələbinə uyğun olaraq formalaşdırılmasına ehtiyac var. Nəzərə alsaq ki, bu gün Azərbaycan ordusunda daima yenilənən silah-sursat arsenalı, ordumuza daxil olan bir çox yeni texnoloji vasitələr var ki, məhz lazımi məqamda onların səmərəli və effektiv şəkildə tətbiqi üçün həmin şəxsi heyətin də bununla bağlı maarifləndirmə işlərinin aparılması zəruridir. Hərbi vəzifəlilər toplanışda bir çox hərbi sahədə olan yeniliklərlə tanış olur. Eyni zamanda, yeni nəsil silahların və texnikanın öyrənilməsi, istismarı, onların səmərəli şəkildə tətbiqinin öyrənilməsi prosesləri və bu istiqamətdə bir çox proseslər var ki, onların mənimsənilməsində mühüm addım kimi qiymətləndirilməlidir. Elə hesab edirəm ki, məhz sözügedən məsələ ilə bağlı Azərbaycan vətəndaşlarının məhz ehtiyatda olan hərbi vəzifəlilərinin belə təlimlərə cəlb olunması, dövlətimizin eyni zamanda vətəndaşlarımızın həyat fəaliyyətinin təhlükəsizliyinin təmin olunması istiqamətində atılan mühüm addımlardandır. Təlimə cəlb olunan heyət qısa müddət ərzində bu təlimlərdə iştirak edərək bacarıqlarının yenilənməsini, eyni zamanda daha yeni biliklərə və təcrübəyə yiyələnməsini təmin edir. Təlim və toplanışlar başa çatdıqdan sonra yenə də həmin hərbi vəzifəli şəxslər öz həyat fəaliyyətlərinə qaldıqları yerdən normal şəkildə davam edirlər”.

Rəfiqə NAMAZƏLİYEVA