"Qreta Tunberq qərb sifarişçilər tərəfindən ortaya atılmış alətdir" - siyasi şərhçi

“Bir neçə gün öncə Tbilisidə erməni, azərbaycanlı və gürcü “fəalların” COP29-a qarşı aksiya keçirməsi birmənalı qarşılanmayıb. Etirazlar zamanı iştirakçılar Azərbaycanı xaricdəki erməni lobbisinin şüarı olan “etnik təmizlik”də ittiham ediblər. Maraqlı məqam isə aksiyaya dünyaca məşhur “iqlim aktivisti” Qreta Tunberqin rəhbərlik etməsidir. O, Gürcüstanda keçirilən parlament seçkilərinin nəticəsinə qarşı olan avropayönümlü kəsimin təşkil etdiyi aksiyalara qoşulmaq üçün Tbilisiyə gəlib. Burada bir sıra “fəalların” COP29-a qarşı çağırışlarına qoşulub. Tunberq Bakıya qarşı mövqe sərgiləmək məqsədilə COP29-u boykot etmək üçün Gürcüstandan Ermənistana gedib. “İqlim aktivisti” İrəvanda bir sıra anti-Azərbaycan tədbirlərinə qatılıb”.

“Qreta Tunberqin Gürcüstanda və yaxud da Ermənistanda Azərbaycana qarşı hansısa aksiyalar keçirməyə cəhd göstərməsi Cənubi Qafqazdakı geopolitik proseslər üçün hər hansı əhəmiyyət daşımır. Çünki rəsmi Bakı COP29-u ən yüksək səviyyədə təşkil etməyi bacarıb və bunu bütün dünyaya nümayiş etdirib. Bundan sonrakı proseslərdə sadəcə COP29-un iştirakçıları olan dövlətlərin rəsmi təmsilçilərinin verəcəyi dəyərləndirmələr önəm daşıyacaq. Bundan sonrakı mərhələdə və həmin dəyərləndirmələrin ilkin dalğası da Azərbaycanın çox önəmli bir tədbiri yüksək səviyyədə keçirdiyini ifadə edir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, buna görə də bu dırnaqarası iqlim fəalının Gürcüstanda və yaxud da Ermənistanda hansısa oyunlar çıxarmasının heç bir əhəmiyyəti yoxdur.

“Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Qreta Tunberq və onun kimi qondarma ekofəallar və yaxud da hər hansı bir sahə üzrə fəallar özbaşına hərəkət etmirlər. Onların konkret şəxsi məqsədləri olmur. Onlar yalnız sifarişçilərin verdiyi təlimatları yerinə yetirirlər. Qreta Tunberqin də Qərb tərəfindən ortaya atılmış alət olduğu barədə məlumatlar mövcuddur. Yəni bu qız faktiki olaraq özünün anladığı məsələlər haqqında mövqe bildirmir. Bu, Qərbdə Azərbaycana qarşı təbliğat aparan bəzi dairələrin sifarişlərini yerinə yetirir. Ona görə də bu Qreta Tunberqin nə dediklərinə, nə də etdiklərinə heç bir əhəmiyyət verməyə ehtiyac yoxdur. Azərbaycan artıq COP29-u ən yüksək səviyyədə keçirməkdədir. Bu tədbir artıq baş tutmuş hesab oluna bilər və artıq sona doğru irəliləyir. Bundan sonrakı mərhələdə kimin nə deməsi elə bir ciddi əhəmiyyət daşımır. Erməni-fransız cütlüyünün Azərbaycana qarşı apardığı bütün anti-təbliğat kampaniyasını artıq iflasa uğramış hesab etmək mümkündür”.

Rəfiqə NAMAZƏLİYEVA