- Müşahidə məntəqəsi
- 19:36
- 1 107
Bu, COP29-a kölgə salmaq istəyən qüvvələrin ikiüzlülüyünün ən tutarlı isbatıdır - Kənan Novruzov
“Bizlər COP29 ərəfəsində ciddi anti-təbliğat kampaniyasının şahidi olduq. Müxtəlif formalarda regionda gərginlik yaratmaq cəhdləri, yaxud da Azərbaycanda insan hüquqlarının pozulmasına dair absurd iddialar və digər bütün bu kimi məqamlar Azərbaycanın COP29-a ev sahibliyinə kölgə salmağa hesablanmışdı. Lakin bunların heç birisi nəticə vermədi. 160-dan çox ölkədən 70 mindən çox nümayəndənin COP29-da iştirakı bu tədbirə kölgə salmaq istəyənlərə ən tutarlı cavab oldu. Çünki bu statistika kifayət qədər ciddi statistikadır və diqqət çəkilməli məqam ondan ibarətdir ki, bu günlərdə Azərbaycanda kifayət qədər çox turist var”.
Bu fikirləri AzNews.az-a açıqlamasında “Report” İA-nin əməkdaşı, siyasi şərhçi Kənan Novruzov deyib.
Siyasi şərhçi bildirib ki, görünən odur ki, Azərbaycan təkcə rəsmi şəxslər üçün deyil, həm də sıravi vətəndaşlar üçün çox maraqlıdır.
“Onlar Azərbaycanın COP29-a uğurlu ev sahibliyinə şübhə etmirdilər. Sözsüz ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində tarix yazmağı və öz torpaqlarını işğaldan azad etməsi ölkəmizə marağı və diqqəti daha da çox artırıb. Anti-təbliğat kampaniyalarına gəldikdə isə biz bundan əvvəl də oxşar ssenarilərinin şahidi olmuşuq. Məsələn, 2015-ci ildə I Avropa Oyunları vaxtı, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları ərəfəsində, Formula 1 yarışları zamanı, Avroviziya musiqi festivalına ev sahibliyimiz zamanı da oxşar qara piar kampaniyalarına tuş gəlmişik. Bu baxımdan biz artıq bunlara öyrəşmişik. Ancaq Qərbin atdığı oxlar daşa dəydi. Arzuları ürəklərində qaldı və Azərbaycan bu gün COP29-a uğurla ev sahibliyi etməkdədir. İkinci bir tərəfdən əslində anti-Azərbaycan qüvvələr Azərbaycanı deyil, məntiqən BMT-ni baykot etməyə cəhd göstərmişdilər. Çünki bu tədbir Azərbaycanın tədbiri deyil, BMT-nin tədbiridir. Azərbaycan sadəcə bu tədbirə ev sahibliyi edir. Maraqlıdır ki, COP29-a kölgə salmaq istəyən qüvvələr vaxtilə Azərbaycanın COP29-a ev sahibliyini yekdil şəkildə dəstəkləmişdilər və indi tamamilə fərqli fəaliyyət ortaya qoymaları, onların ikiüzlülüyünün və riyakarlığının ən tutarlı isbatıdır”.
Rəfiqə NAMAZƏLİYEVA