Azad Məsiyev: "Qərb koalisiyası, Rusiya- Ukrayna münaqişəsini qızışdırmaqdadır"

“Rusiya- Ukrayna münaqişəsi getdikcə pik həddini almaqdadır. Bu münaqişə artıq Rusiya- Ukrayna münaqişəsi deyil. Çünki NATO blokuna daxil olan dövlətlər başda Birləşmiş Ştatlar olmaqla NATO bloku bu münaqişədə de-fakto iştirak edir. Yəni həm maliyyə baxımından, həm hərbi sursat vermək, kəşfiyyat məlumatları vermək, psixoloji müharibəni aparmaq baxımından bu münaqişədə iştirak edib. Faktiki Rusiya- NATO münaqişəsidir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Azad Məsiyev deyib.

Politoloq qeyd edib ki, Ukrayna sadəcə bir poliqondur.

“Son vaxtlar Bayden hakimiyyəti və Amerika, Fransa, Böyük Britaniya Ukraynaya uzaqmənzilli raketlərin istifadəsinə icazə verməsi qərarı bir daha bunu təsdiqləyir ki, artıq NATO bloku de-yure münaqişədə iştirak edəcək. Çünki uzaqmənzilli raketlərin istifadəsi və idarə edilməsi olan kadrlar Ukraynada yoxdur. Amerika mütəxəssisləri, NATO blokuna daxil olan hərbi mütəxəssislər bu raketlərin idarə və istifadə edilməsində birbaşa iştirak edəcəklər. Bununla da NATO bloku həm de-fakto, həm də de-yure münaqişədə iştirak etmiş olur. Təbii ki, Rusiya bu məsələ ilə əlaqədar Rusiya prezidenti açıq şəkildə mövqe nümayiş etdirir. Rusiyanın nüvə doktrinasına yenidən baxıldı və bu günlərdə Rusiya prezidenti nüvə doktrinasına edilmiş dəyişiklikləri təsdiq etdi. Yəni Ukrayna uzaqmənzilli raketlərdən istifadə edər Rusiyanın dərinliklərinə zərbələr endirərsə və bu münaqiş tələbələr ağır fəsadlara gətirib çıxararsa, bu zaman Rusiya taktiki nüvə silahından istifadə edəcəkdir. Bununla da artıq Üçüncü Dünya müharibəsi başlanmış olacaq. Adətən Üçüncü Dünya müharibəsi nüvə silahının işə düşməsi ilə nəzərdə tutulur. Lakin faktiki Ukrayna ərazisində Üçüncü Dünya müharibəsi gedir. Yəni nüvə silahının faktiki olaraq işə düşməsi bəşəriyyət üçün daha təhlükəli məqamlar yaradır”, - deyə o bildirib.

A. Məsiyevin sözlərinə görə, bu münaqişədə Türkiyə neytral mövqedən çıxış edir.

"Münaqişəyə başlayan andan bu münaqişənin dayandırılması üçün sülh çağırışı edib və danışıqlar masasında bu problemin həlli üçün vasitəçilik edibdir. Bu baxımdan vasitəçi olan dövlət heç vaxt tərəf olmamalıdır, bu münaqişədə iştirak etməməlidir. Türkiyədə bu baxımdan bu münaqişədə iştirak etmədi. Sanksiyalara qoşulmadı və Birləşmiş Ştatların çağırışına məhəl verməyib qoşulmadı. Rusiya ilə münasibətlərini qoruyub saxladı. Ümumilikdə NATO ilə Rusiya arasında bir savaş başlayarsa, yenə Türkiyə neytral mövqedə duracaq və münaqişəyə müdaxilə etməyəcəkdir. Çünki Türkiyə bu münaqişənin sülh yolu ilə həll edilməsində maraqlıdır və bu Üçüncü dünya müharibəsində qalib çıxan tərəf olmayacaq. Bəşəriyyət daha çox əziyyət çəkəcək. Buna görə Türkiyənin apardığı siyasət “Yurdda sülh, cahanda sülh” fəlsəfəsini həyata keçirməkdədir. Düşünürəm ki, Türkiyə daha ədalətli mövqedən çıxış edir və münaqişənin böyüməsinin qarşısını almaq üçün yenə də öz tövsiyəsini verməkdədir. Türkiyənin prezidenti cənab Ərdoğanın açıqlaması da bir daha onu göstərdi ki, Türkiyə münaqişənin sülh yolu ilə həll edilməsinə maraq göstərir və çağırışı da, bəyanatları da buna söykənibdir. Rusiyanın hansısa bir yolla danışıqlara başlamasında tərəfdardır”.

“Son vaxtlar Birləşmiş Ştatların Zelenski hökumətinə uzaqmənzilli silahlar verməsi bir daha onu göstərir ki, Birləşmiş Ştatlar başda olmaqla Qərb koalisiyası, Rusiya- Ukrayna münaqişəsini körükləyib, qızışdırmaqdadır. Münaqişənin həllində yox, münaqişənin daha da şiddətlənməsində maraqlıdır. Bu prosesdə ən çox ziyan çəkən Ukrayna xalqı və Avropa olacaqdır. Taktiki nüvə silahı işə düşərsə, bu zaman ən böyük ziyanı Avropa çəkəcəkdir. Rusiya prezidenti nüvə doktrinasının yenilənməsinin imzalanması ilə beynəlxalq ictimaiyyətə, xüsusilə də Amerikaya bir mesaj verdi ki, Rusiya ilə güc, hədə yolu ilə danışmaq daha təhlükəli məqamlar yarada bilər”, - politoloq deyib.

Rəfiqə NAMAZƏLİYEVA