NATO Xəzər dənizinə çıxış əldə edə bilərmi? - AÇIQLAMA

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərlərinin iclasında maraqlı iddia ilə çıxış edib. O, NATO-nun Qara dənizdə döyüş imkanlarını genişləndirməyə və Xəzər dənizinə çıxış əldə etməyə çalışdığını bildirib. Alyansın üzvləri arasında Qara dəniz ölkələri var, lakin Xəzərsahili dövlətlər yoxdur. Bornitkovun açıqlamasının bu qismi xüsusi diqqət çəkib”.

“NATO həqiqətən də Qara dənizdə öz nəzarət imkanlarını genişləndirə bilər. Çünki bəzi sahil ölkələri, o cümlədən də Rumıniya və sair ölkələr NATO üzvü kimi bu məsələdə xüsusi təsir göstərə bilərlər. Yəni NATO-nun Qara dənizdə Rusiya ilə rəqabət aparmaq imkanları hər halda mövcuddur. Ancaq Xəzər dənizinə gəldikdə isə NATO üçün belə perspektivlər hələlik qətiyyən inandırıcı görünmür. Çünki Xəzər dənizi hövzəsində NATO üzvü olan heç bir ölkə mövcud deyil. Əksinə, Xəzər dənizi hövzəsinə aid olan iki ölkə NATO-nun düşmənləri sırasına daxildir. Rusiya və İran NATO-ya qarşı mübarizədə eyni düşərgədə yer alırlar”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, digər Xəzəryanı ölkələr, Qazaxıstan və Azərbaycan kimi ölkələr də qətiyyən NATO ilə hər hansı bir hərbi, siyasi öhdəliyə malik ölkələr deyillər.

“Məsələn, Azərbaycanla NATO arasında müəyyən əlaqələr, əməkdaşlıq, tərəfdaşlıq mövcuddur. “Sülh Naminə Tərəfdaşlıq” proqramı üzrə Azərbaycan və NATO arasında əməkdaşlıq münasibətləri qurulub. Ancaq belə əməkdaşlıq münasibətləri və yaxud da bu tipli əlaqələr NATO-nun Xəzər dənizinə yerləşməsi üçün qətiyyən təminat vermir. Çünki Azərbaycan öz ərazisində xarici hərbi bazaların və yaxud xarici hərbi kontingentlərin yerləşdirilməsinə qətiyyən icazə vermək niyyətində deyil. Azərbaycan özünə aid quru və su məkanlarında xarici ölkələrin və yaxud da xarici hərbi alyansların iştirakına razılıq vermək niyyətindən tamamilə uzaqdır. Bunu da rəsmi Bakı dəfələrlə bəyan edib. Yəni bu baxımdan NATO-nun, təbii ki, Xəzər dənizinə yerləşmək və Xəzər dənizi üzərindən Orta Asiyaya uzanmaq kimi bir planları, niyyətləri ola bilər. Ancaq indiki situasiyada hazırda NATO-nun bu planların reallaşma ehtimalı qətiyyən inandırıcı deyil və yaxın gələcəkdə də bunun mümkün olacağı qətiyyən real görünmür”.

Rəfiqə NAMAZƏLİYEVA