"Rusiyanın Ukraynaya təhlükəli addımlar atmaq meyarları mövcuddur" - siyasi şərhçi

“Ukraynanın uzaqmənzilli raketlərlə Rusiya ərazilərinə hücumundan sonra Moskvanın gözlənildiyi qədər sərt cavab verməməsi diqqət çəkib. Kiyevin ATACMS raketləri ilə ilk zərbəsinin ardından Kreml “Oreşnik” raket sistemi ilə Ukrayna ərazilərinə hücum həyata keçirdi. Rusiya şiddətli hücumdan sonra nüvə silahından istifadəni yenidən gündəmə gətirərək Qərbi təhdid etdi. Bir çox ekspert həm nüvə silahından istifadə, həm də yeni irimiqyaslı hücum ehtimallarını qeyri-real sayır. Kreml rəsmilərinin sərt açıqlamaları blef kimi dəyərləndirilir”.

“Rusiya özü başa düşür ki, Ukraynanın ATACMS raketləri ilə zərbəsinə qarşı “Oreşnik” tətbiqini genişləndirsə bu daha kəskin addımlara səbəb ola bilər. Düzdür, Bayden hakimiyyətinin son dövründə Ukraynaya Rusiya ərazilərini Qərbin verdiyi uzaqmənzilli raketlərlə vurmaq üçün göstəriş veribdir. Amma biz bilirik ki, bu Baydenin hakimiyyətinin sonuncu dövründə müəyyən hesabatlarına daxil etmək istədiyi əmrdən başqa bir şey deyil. Yəni reallıqda yanvarın 20-dən sonra Respublikaçıların hakimiyyəti ələ alması prosesi baş verəcək və Tramp prezident kürsüsündə əyləşdikdən sonra təbii ki, Baydenin bu qərarının üzərindən xətt çəkəcək”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Siyasi şərhçi qeyd edib ki, Rusiya da bunu nəzərə alır, vəziyyəti gərginləşdirməmək üçün Ukraynaya qarşı daha sərt silahlardan və raketlərdən istifadə etmir.

“Digər bir tərəfdən indiki vəziyyətdə Kiyevin əlində o imkanlar da yoxdur ki, Moskvaya hücum etsin. Çünki Rusiya paytaxtını silahlarla vurulmağından heç bir halda söhbət gedə bilməz. Rusiya ərazilərinin müəyyən hissələrinə bəlkə də bir neçə raket atılmağına Qərb tərəfindən göz yumula bilər. Lakin nə Qərb Moskvanın həmin raketlərlə vurulmasına razılıq verməz, nə də Ukrayna indiki məqamda bu addımı ata bilməz. Çünki Kurskda Rusiya itirdiyi mövqelərin bir çoxunu geri qaytarıb. Eyni zamanda, Ukrayna öz ərazilərindən itirdiyi hissələrin qaytarılması prosesində son aylarda heç bir uğura, demək olar ki, imza atmayıb. Onsuz da savaşın gərgin getdiyi cəbhələrdə vəziyyətin hansısa bir formada köklü dəyişməyi tendensiyası baş vermir ki, Moskvaya hücum üçün bir zəmin olsun. Amma digər bir tərəfdən Rusiyanın nüvə silahı ilə bağlı etdiyi təhdidlərin də real əsasları var. Yəni biz bunu sadəcə olaraq şantaj və blef kimi dəyərləndirə bilmərik. Çünki doğrudan da Qərbin ağır silahlarının Rusiya ərazilərində Ukrayna tərəfindən istifadə edilməsindən sonra Rusiyanın təhlükəli addımlar atmaq meyarları mövcuddur. Rusiya rəsmi səviyyədə bunu elan edir. Ona görə də Qərb də başa düşür ki, Rusiyanın bunu reallaşdırmaq ehtimalları var. Ona görə də Ukraynaya daha məhdudlaşdırıcı və sadəcə olaraq göz boyamaq üçün müəyyən çağırışlar edə bilər. Ancaq dediyim kimi, yanvarın 20-dən sonra ümumiyyətlə Trampın hakimiyyətə gəlişi ilə bu məsələdə də bir çox dəyişikliklər olacaq. İndiyə qədər icazə verilən silahların və raketlərin istifadəsinin qarşısı alınacaq deyə düşünürəm”.

Rəfiqə NAMAZƏLİYEVA