COP29-un Azərbaycana qazandırdığı mühüm üstünlüklər - RƏY

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda tarixi qərarlar qəbul olundu. Bunlardan ən mühümü iqlim dəyişikliyi ilə bağlı retrospektiv məsuliyyət daşıyan zəngin ölkələrin iqlim dəyişikliyi ilə mübarizə öhdəliklərinə aiddir. COP29-un Azərbaycanda keçirilməsinin ölkəyə mühüm üstünlükləri və faydaları da var. Belə ki, COP29-a ev sahibliyi etmək, ilk növbədə, Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdi. Bu tədbir Azərbaycana iqlim dəyişikliyi ilə mübarizədə lider rolunu oynamağa imkan verdi. Heç şübhəsiz, ətraf mühit, iqlim dəyişikliyi və dayanıqlı inkişaf kimi məsələlərə verdiyi əhəmiyyət beynəlxalq miqyasda ölkənin nüfuzunu gücləndirəcək. Azərbaycan gələcəkdə iqlim siyasətində daha fəal rol oynayaraq beynəlxalq müstəvidə bir sıra təşəbbüslərə rəhbərlik edə bilər. Digər tərəfdən ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı əldə etdiyi təcrübə Azərbaycanın müxtəlif regional və beynəlxalq səviyyədə effektiv əməkdaşlığına şərait yaradacaq.

Bu fikirləri filologiya elmləri üzrə fəlsəfə doktoru, media eksperti, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşid söyləyib.

Ekspert bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi yerli şirkətlərin və mütəxəssislərin təcrübə mübadiləsi, qlobal innovasiyalara daxil olması üçün şərait yaratdı. Müxtəlif beynəlxalq təşkilatların və şirkətlərin tədbirdə iştirakı üçün Azərbaycana gəlməsi, davamlı əlaqələr gələcəkdə turizm və investisiya baxımından iqtisadi inkişafa müsbət təsir göstərəcək. COP29 kimi böyük beynəlxalq tədbirin təşkil edilməsi, müvəffəqiyyətlə idarə olunması ölkəmizin gələcəkdə daha böyük beynəlxalq tədbirləri keçirməsinə zəmin yaradır. Bu da iqtisadiyyatın şaxələndirilməsinə və turizmin davamlı inkişafina müsbət təsir göstərir. Beynəlxalq tədbirlər ölkələrə öz milli iqlim strategiyalarını yenidən nəzərdən keçirmək və onları qlobal standartlara uyğunlaşdırmaq imkanı da verir.

“Azərbaycan iqlim texnologiyaları, yaşıl enerji və davamlı inkişaf sahələrində fəaliyyət göstərən startaplar və innovasiya mərkəzləri üçün müsbət platforma ola bilər. Yaşıl iqtisadiyyat və bərpaolunan enerji sahələri inkişaf etdikcə Azərbaycanda bu sahələrdə yeni sənaye və iş imkanları yaranar. Bu tədbir ölkəmizdə günəş, külək və hidroenerji kimi bərpaolunan enerji mənbələrinə yönəldilmiş layihələr, təşəbbüslər üçün yeni imkanlar yaradacaq, beləliklə də yerli ekosistem qlobal miqyasda diqqət mərkəzində olacaq”, - deyə Leyla Rəşid vurğulayıb.

O qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi təkcə ölkənin beynəlxalq aləmdə mövqeyini gücləndirmək, ekoloji və iqlim siyasəti baxımından deyil, innovativ iqtisadi inkişafları dəstəkləmək nöqteyi-nəzərindən də gələcəkdə ciddi faydalar gətirə bilər. Azərbaycanda innovativ iqtisadi inkişaf, xüsusilə bərpaolunan enerji, yaşıl iqtisadiyyat və innovativ kənd təsərrüfatının imkanları ölkə iqtisadiyyatının rəqabətqabiliyyətli və dayanıqla hala gətirməkdə, neft və qaz sənayesinə alternativ strategiyalar qurmaqda böyük perspektivlər açır.

AzNews.az