- Müşahidə məntəqəsi
- 3 Dekabr 15:04
- 2 302
“Gürcü Arzusu” partiyası müxalif blokların biri ilə anlaşa bilər - Millət vəkili
“Gürcüstanda baş verən proseslər Qərbin uzun illərdən bəri bu ölkədə həyata keçirdiyi siyasətin növbəti dəfə özünü büruzə verən bir mərhələsidir. Mahiyyət etibarilə uzun illərdən bəri, xüsusilə də 2004-cü ildən etibarən Gürcüstan ərazisinin postsovet məkanında, o cümlədən Cənubi Qafqazda nüfuz müvəkkilləri şəbəkəsinin formalaşdırılması üçün bir plasdarm kimi istifadə olunması nəticə etibarilə mövcud mənzərənin ortaya çıxmasına zəmin yaradıb. Bu proseslərin arxasında dayanan amillər, faktorlar göz qabağındadır və ayrı-ayrı ölkələrin, hətta liderləri səviyyəsində Gürcüstanda baş verən proseslərə müdaxilə etməsi də nəticə etibarilə prosesin vahid bir ssenari əsasında həyata keçirdiyini sübuta yetirir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Deputat qeyd edib ki, burada mühüm, diqqətə alınan faktorlardan biri müxalifət və onu himayə edən qüvvələrin hakim partiyaya qarşı irəli sürdüyü iddialardır.
“Ümumiyyətlə, Qərbin təqdimatında müstəqil siyasət yürüdən ölkələr bir qayda olaraq, Rusiyapərəst mövqe sərgiləyən ölkələr kimi qiymətləndirilir. Amma indiki şəraitdə Gürcüstanın hakim partiyasının mövqeyi bilavasitə ona əsaslanır ki, Gürcüstan mövcud proseslərdə geosiyasi qarşıdurmaların girovuna çevrilməsin. Biz artıq bir dəfə Gürcüstan üzərindən həyata keçirilən siyasətin nəticə etibarilə hansı mənzərəyə gətirilib çıxarıldığının şahidi olmuşuq. Bu aspektdən də indiki şəraitdə “Gürcü Arzusu” partiyasının reallaşdırmaq istədiyi yeganə mənzərə ondan ibarətdir ki, Gürcüstan qütblərarası qarşıdurmada girov olmasın və yenidən ərazi itkisi ilə və yaxud digər problemlərlə qarşılaşmasın. İndiki halda Gürcüstanda baş verən proseslərin təxminən dekabrın 14-dən etibarən qismən səngiyəcəyini gözləyirəm. Çünki prezident seçkilərində 300 nəfər seçicinin, yəni şəxsin iştirakı ilə keçiriləcək seçkilərdə “Gürcü Arzusu” partiyasının nümayəndəsinin qalib gələcəyi ehtimalı daha çoxdur. Bundan sonra isə hakimiyyətdə ikitirəliyə son qoyulacağı reallığı mənzərəsi yarana bilər. Bu da qənaətimə görə artıq bir sıra qüvvələrin də bu prosesdə daha aktiv şəkildə iştirakının qarşısını ala biləcəyi ehtimalını yaradır. Ola bilsin ki, hansısa mərhələdə, yəni prezident seçkiləri ilə əlaqədar “Gürcü Arzusu” partiyası müxalif blokların biri ilə də anlaşa bilsin. Bu reallıq da var. Hər halda yaxın iki həftə ərzində Gürcüstanda baş verən proseslərin yekun nəticəsi ortaya çıxacaq. Ancaq həm “Gürcü Arzusu” partiyasının, bütövlükdə hökumətin indiki şəraitdə geriyə çəkiləcəyi az inandırıcı görünür”.
Rəfiqə NAMAZƏLİYEVA