- Müşahidə məntəqəsi
- 4 Dekabr 20:03
- 1 366
Bu, COP tarixində ilk dəfə baş tutdu - Millət vəkili
“Azərbaycan dini və milli tolerantlıq baxımından nümunəvi ölkə olduğunu BMT-nin COP29 tədbiri müddətində bütün dünyaya bir daha sübut etdi. Sammit çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və müxtəlif dinlərə məxsus liderlərin bir arada olduğu görüntü mətbuatda və sosial şəbəkələrdə gündəm oldu. Həmçinin Beynəlxalq səviyyədə təqdir edildi. Qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda müxtəlif etnik kimliklərə məxsus qrupların bir arada firavan yaşaması da xüsusi diqqət çəkir. Hətta bu baxımdan ölkəmiz dünyaya nümunə kimi göstərilir”.
“Azərbaycanda baş tutan COP29 təkcə Birləşmiş Millətlər Təşkilatının qlobal iqlim dəyişikliyi kontekstində mövcud olan problemlərin həll olunduğu bir platforma kimi yox, həm də dünyanın digər aktual problemlərinin həlli ilə bağlı mühüm tədbirlərin, hadisələrin baş verdiyi bir tədbir kimi yadda qaldı. Heç şübhəsiz ki, bu kontekstdə biz qloballaşan dünyada qarşılıqlı inteqrasiyanı, etimadı əlaqələndirən iqtisadi, dini, siyasi müstəvidə yeni ənənələr və inteqrasiyaları şərtləndirən tədbirlərin də keçirilməsinin şahidi olduq. Bunlardan biri turizm idi. Məsələn, ilk dəfə olaraq COP tarixində turizm xüsusi bir platforma kimi önə sürülərək, buradakı əməkdaşlığın perspektivləri də müzakirə olundu”.
Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Millət vəkili qeyd edib ki, ən maraqlı dialoq formatlarından biri də COP29-da iştirak edən ölkələrin böyük əksəriyyətinin din xadimlərinin iştirak etdiyi və bu tədbirə mənəvi dəstək verməklə bağlı səsləndirdikləri fikirlər oldu.
“Nəticə etibarilə qlobal iqlim dəyişikliyi antropogen bir hadisədir, yəni insan fəaliyyəti nəticəsində meydana çıxan bir problemdir. Demək ki, insanın təbiətə münasibətdə davranışları arzuolunan səviyyədə olmadığı üçün bu problemləri biz yaşamaqdayıq. Bütün səmavi və yaxud bütün qeyri-səmavi dinlərdə, hətta buddizm də və digər başqa qeyri-ənənəvi dinlərdə də təbiət yaşadığımız məkan olaraq müqəddəsləşdirilir. Təbiətdəki bütün canlılar məhz təbiətin övladları olaraq qiymətli və Tanrının yaratdığı bir canlılar kimi təqdim olunur. Ona görə də şübhəsiz ki, din xadimlərimizin xeyir-duası insanların antropogen fəaliyyəti üçün mənəvi stimul yaradır. Bu mənada düşünürəm ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri çox hörmətli şeyximiz Allahşükür Paşazadənin rəhbərliyi ilə keçirilən bu tədbir xüsusi olaraq, yadda qaldı. Nəticət etibarilə Azərbaycanda mənəvi dəyərlərimizin formalaşmasında, dinimizin, din xadimlərimizin, xüsusən də Şeyx həzrətlərinin tutduğu mövqe təqdirəlayiqdir. Başqa bir kontekstdən baxdıqda biz görəcəyik ki, məhz bu nümunə bəzi hallarda dindən qarşıdurma vasitəsi kimi istifadə edən ayrı din xadimləri üçün də bir nümunə, örnəkdir. Azərbaycan hər nə qədər etnik baxımından multikulturaldırsa, bir o qədər də dini baxımdan tolerant və dözümlülük ölkəsidir. Düşünürəm ki, COP29 tədbirində bir daha ən müxtəlif din mənsublarının Azərbaycanda bir araya gəlməsi və bütün dinlərdə ali dəyər hesab olunan təbiətin bütün canlıların qorunmasına bağlı mövqelərini ortaq şəkildə nümayiş etdirməsi, bundan sonra da insan fəaliyyəti nəticəsində təbiətə vuran zərərin önünə keçilməsi üçün mühüm mənəvi motivasiya kimi çıxış edəcəkdir”.
Rəfiqə NAMAZƏLİYEVA