Oqtay Qasımov: "Gürcüstanda hakimiyyət dəyişikliyi bütün bölgəyə təsir edəcək"

“Bir aydan çoxdur ki, Gürcüstan döyüş meydanına çevrilib. “Gürcü Arzusu” partiyasının parlament seçkilərində qələbə qazanmasından sonra başalayan aksiyalar səngimək bilmir. Gürcüstanın Prezidenti Salome Zurabişvilinin etirazların önündə gedib, aksiyalara liderlik etməsi ölkə əhalisi arasında qütbləşmə yaradıb. Gürcüstanda Qərbin dəstəyi ilə inqilabın baş verməsi, bununla da hakimiyyətin dəyişməsinin mümkünlüyü haqqında iddialar da səsləndirilir”.

“Təbii ki, Gürcüstanda baş verən hadisələr bütün bölgəyə təsir edir, o cümlədən Azərbaycana da buna təsiri oluna bilər. Məhz Gürcüstanla Qərb arasında münasibətlərin gərginləşməsi təxminən üç il əvvələ təsadüf edir. Buna da səbəb Rusiya- Ukrayna savaşı başlanılanda kollektiv Qərbin Ermənistanla Rusiyaya qarşı ikinci cəbhənin açılması tələbi oldu ki, Gürcüstan hakimiyyəti buna getmədi və bu da tərəflər arasında münasibətlərin gərginləşməsinin əsasını qoydu. Bunun ardınca Gürcüstan hakimiyyətinin “Xarici təsirlərin şəffaflığı”, o cümlədən milli mənəvi dəyərlərlə bağlı qanun layihələrinin qəbulu tərəflər arasında münasibətləri kifayət qədər gərginləşdirdi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, hələ o zaman kollektiv Qərb küçə etirazları ilə hakimiyyəti dəyişməyə cəhd etsə də, buna nail olmadı.

“Bütün planlar 26 oktyabr parlament seçkilərinə hesablandı ki, bu hesablar da baş tutmadığı üçün, yəni "Gürcü Arzusu" parlament seçkilərində qələbə çaldığına görə kollektiv Qərb başqa variantları işə salmağa çalışdı. Hazırda bu proseslərin önündə faktiki olaraq konstitusiyanı pozan Gürcüstan prezidenti getməkdədir və o, artıq xalqa müraciət edərək məktəblilərin belə etirazlara qoşulmasına çağırış edib ki, bu da həm konstitusiya pozuntusudur, həm də Gürcüstanda qarşıdurma riskini ciddi şəkildə artırır. O ki qaldı proseslərin gedişinə, təbii ki, hazırda Gürcüstanda vəziyyət kifayət qədər gərgindir. Ancaq məsələni çətinləşdirən məqamlardan biri ondan ibarətdir ki, tərəflərin heç biri digərinə güzəşt etmək istəmir. Nə hökumət, nə də müxalifət tərəfi barışmaz mövqe tutur və təbii ki, bu da vəziyyəti gərginləşdirir. Gürcüstanda arzuolunmaz hadisənin baş verməsinə, yəni Gürcüstanda hakimiyyət dəyişməsi, açığı onun ehtimalını mən çox yüksək görmürəm. Çünki Gürcüstan hökuməti özünü kifayət qədər inamlı aparır və etirazların da qarşısını hələlik ala bilir. Doğrudur, hakimiyyət daxilində müəyyən istefalar olsa da, bu hələlik ciddi miqyasa çatmayıb deyə bilərik. Güc strukturlarının hələlik hökumətə tabe olması faktı var ki, bu çox önəmlidir. Məhz bu səbəbdən də Gürcüstan hakimiyyəti özünü müəyyən qədər rahat hiss edir deyə bilərik. Əgər doğrudan çox az ehtimal olsa da, Gürcüstanda hakimiyyət dəyişikliyi baş verərsə, bu şübhəsiz ki, bütün bölgəyə təsir edəcək. Belə bir durum Gürcüstanda bir müddət, yəni çox uzun olmasa da, siyasi proseslərin, gərginliyin qalması və qeyri-stabilliklə nəticələnə biləcək ki, bu da bütün bölgəyə təsir edə bilər. Azərbaycana da təbii ki, təsiri olacaq. Çünki Azərbaycanla Gürcüstan strateji tərəfdaşdırlar indiyə qədər bir çox qlobal layihələri icra ediblər. Bundan sonra icra etməklə bağlı anlaşmalar var və məhz bu səbəbdən Azərbaycan Gürcüstanda bütün məsələlərin danışıqlar yolu ilə, siyasi yolla qarşıdurma olmadan həll olunmasından yanadı. İnanırıq ki, məhz proseslər də bu istiqamətdə davam edəcək və Gürcüstanda hansısa qeyri-konstitusion yollarla hakimiyyət dəyişikliyinə gedilməyəcək. Azərbaycan birmənalı şəkildə Gürcüstanda sabitlikdən yanadır”.

Rəfiqə NAMAZƏLİYEVA

AzNews.az