- Müşahidə məntəqəsi
- 5 Dekabr 18:01
- 8 316
"Trampın hakimiyyətə gəlməsi ilə İran rəhbərliyi daha da ehtiyatlı siyasət yürüdəcək" - AÇIQLAMA
“İranın son zamanlarda beynəlxalq arenada ritorikasını kəskin şəkildə yumşaltdığı müşahidə olunur. Bəzi ekspertlərin fikrincə, buna səbəb ABŞ-da Tehrana qarşı mövqeyi ilə bilinən Donald Trampın təkrar hakimiyyətə gəlməsidir. Belə ki, İran rəhbərliyi bu yolla Vaşinqtonla münasibətlərdə gərginliyin dərəcəsini azaltmağa çalışır. Çünki yanvar ayında Ağ Evdə yeni hökumət fəaliyyətə başladıqdan sonra gözlənilən ilk qərarlardan biri də Tehrana qarşı sanksiyaların artırılmasıdır”.
“Məsud Pezeşkian prezident seçiləndə onun ilk missiyası Qərblə münasibətlərini normallaşdırmaq idi və qurduğu komanda da məhz bu istiqamətdə hərəkət edirdi. Məsələn, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifi vitse-prezident vəzifəsinə təyin etməsi və ardıcıl olaraq digər təyinatlar həyata keçirilməsi, həmçinin xarici işlər naziri vəzifəsinə Abbas Əraqçinin təyin olunması da məhz bu istiqamətdə hesablanmışdı. Yəni Pezeşkianın niyyəti Qərblə münasibətləri normallaşdırmaq idi. Bu, əvvəlcədən düşünülmüş siyasət idi. Düzdür, İsrail bu vəziyyəti dəyişdirməyə səy göstərdi”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Siyasi şərhçi qeyd edib ki, İran və Qərb münasibətlərinin normallaşdırılması İsrailin ziyanına idi və bütün mümkün vasitələrlə çalışırdı ki, Qərblə İran arasındakı münasibətlər kəskinləşsin.
“Yaxın Şərqdə son altı ay ərzində baş verən hadisələr göstərdi ki, İsrail öz məqsədinə çatmağa çox yaxın idi. Ancaq İran bir qədər ehtiyatlı siyasət apararaq bundan yayına bildi. Hazırda Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsindən sonra İran rəhbərliyi daha ehtiyatlı siyasət yeridəcək ki, birbaşa ABŞ-la müharibəyə girməsin. Çünki bu ümumilikdə İrandakı mövcud rejimin dayaqlarının sarsılmasına, qlobal beynəlxalq gücünün daha da azalmasına və həmçinin də ehtiyatlarının tükənməsinə səbəb olacaq. İran o gücdə deyil ki, ABŞ-la müharibə etsin. Əgər ona cavab verməsə, daxildə rejimin mövqeləri zəifləyəcək və eyni zamanda İranın regional gücü getdikcə daha da zəifləyəcək. Hələ prezident seçkiləri olmamışdan əvvəl, Bayden hökumətinin dövründə də ehtiyatlı siyasət yeridirdi. Ancaq Trampın seçilməsi məlum olduqdan sonra daha da ehtiyatlı siyasət yeritməyə başlaması məhz buna hesablanmış addımlardır”.
Rəfiqə NAMAZƏLİYEVA