- Müşahidə məntəqəsi
- 18:00
- 1 133
"Dünyanın bu məsələdə həm Türkiyə dövlətindən, həm də xalqından öyrənə biləsi çox şey var" - Elçin Mirzəbəyli
“Suriyada hökumətin devrilməsindən sonra Türkiyə rəsmilərinin bu ölkəyə səfəri zamanı böyük coşğu ilə qarşılanmaları diqqət çəkib. Xüsusilə “Təhrir əş-Şam” qruplaşmasının lideri və üzvlərinin Ankara nümayəndələrinə yanaşması, Suriyanın müxtəlif şəhərlərindən Türkiyə bayrağı ilə yayılan görüntüləri müzakirələrə səbəb olub. Son dönəmlərdə 12-13 il əvvəl Türkiyəyə köçən suriyalılarla bağlı ictimaiyyətdə ciddi fikir ayrılığı var idi. Lakin eks-prezident Bəşər Əsədin devrilməsindən sonra sevinclə ölkələrinə qayıtdığını elan edən suriyalıların görüntüləri bu məsələyə baxışı dəyişdi. Müsahibə verən qaçqınlar Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğana təşəkkür edir, minnətdarlıqlarını bildirirlər. Bəzi ekspertlərin fikrincə, hətta Türkiyə prezidenti Suriyada bir növ milli lider kimi qəbul olunur”.
“Suriyada başlayan vətəndaş müharibəsindən sonra, Türkiyəyə köç edən Suriya vətəndaşlarının sayı, hətta rəsmi mənbələrdə belə fərqli göstərilir. Bu ilin avqust ayında açıqlanan rəsmi statistik məlumatlarda Türkiyədə müvəqqəti mühafizə altında olan suriyalıların sayı 4 milyon nəfərə yaxındır. Bununa yanaşı, yenə də rəsmi göstəricilərdə Türkiyədə müvəqqəti yaşayış icazəsiylə daha 1 milyon 200 minə yaxın suriyalının olduğu bildirilir. Bütövlükdə 5 milyondan çox... Qeyri-rəsmi rəqəmlərdə isə Türkiyəyə 13 milyondan çox suriyalının sığındığı qeyd olunur. İndiki məqamda, rəsmi və qeyri-rəsmi göstəricilərin arasında tarazlıq yaradılmasının önəmli olmadığını düşünürəm”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Deputat qeyd edib ki, 5 milyon insana qucaq açmağın özünün belə nə qədər ağır yük olduğunu, zənnimcə 30 ilə yaxın müddətdə bir milyona yaxın məcburi köçkün və qaçqının problemləri ilə qarşı-qarşıya qalan Azərbaycanda çox yaxşı başa düşürlər.
“Türkiyə ən azı 5 milyon insana qucaq açmaqla tarixin ən böyük humanizm aktına imza atıb və ümid edirəm ki, bu göstəricilər bir daha təkrarlanmayacaq. Ötən müddət ərzində Türkiyədə bəzən suriyalı qaçqınlara qarşı müsbət olmayan reaksiyaları, əslində təbii qəbul etmək lazımdır. Tamamilə fərqli siyasi sistemdə formalaşmış, fərqli mədəniyyətə, dünyagörüşünə, dilə, məişət etikasına malik, ən azı 5 milyon insanın birdən-birə formalaşmış, öz dəyərləri olan Türkiyə cəmiyyətinə daxil olunması, təbii ki, əks reaksiyalara səbəb olmalıydı. Amma, bütövlükdə Türkiyə, təkcə dövlət səviyyəsində deyil, həm də xalq olaraq, qaçqınlara qarşı misli görünməmiş bir qayğı, diqqət göstərir, onların dərdlərinə şərik olurdu... Zənnimcə, dünyanın bu məsələdə həm Türkiyə dövlətindən, həm də xalqından öyrənə biləsi çox şey var. Bəlkə də, türk xalqı dünyaya humanizm dərsi verdi, desəm yanılmaram. Bu sıraya Türkiyənin Suriyadakı insanlara etdiyi humanitar yardımları, Suriya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində göstərdiyi səyləri, bütövlükdə Suriya böhranın həlli ilə bağlı atdığı addımları nəzərə alsaq, türk dövləti və xalqı adına nə qədər böyük bir fədakarlıq edildiyini söyləyə bilərik. Bu baxımdan da, həm Türkiyə dövlətinə və xalqına, həm də hörmətli Rəcəb Tayyib Ərdoğana olan sevgi təbii qəbul olunmalıdır. Suriyalıların bunu heç vaxt unutmayacaqlarına inanmaq istəyərdim. Amma gələcəkdə nələrin baş verməsindən asılı olmayaraq, Türkiyə və türk xalqı, bundan yüzillər keçsə də dövləti ilə, özü ilə və lideri ilə qürur duymalıdır”.
Rəfiqə NAMAZƏLİYEVA